Bu gecə saat 00:00-dan etibarən Bakı şəhərinin bir sıra küçə və prospektlərində təşkil edilən COP29 zolaqlarına girmək qadağası qüvvəyə minir.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat verib.
Bildirilib ki, həmin zolaqların hər birində 5.9, yəni “Marşrut nəqliyyat vasitələri üçün zolaq” yol nişanları quraşdırılıb.
Həmin küçə və prospektlər bunlardır:
Xocalı prospekti, Şah İsmayıl Xətai prospekti, Bünyad Sərdarov, Həsən Seyidbəyli, Şeyx Şamil, Mirzəağa Əliyev, Abdulla Şaiq, Həsənoğlu, Mikayıl Useynov (Bayraq meydanı istiqamətində), Zuğulba yolu və Zığ şosesi.
Azadlıq prospekti, Bülbül prospekti, Neftçilər prospekti, Heydər Əliyev prospekti, Parlament prospekti, Gülarə Qədirbəyova, Niyazi, İstiqlaliyyət, Üzeyir Hacıbəyov, Bakıxanov, Koroğlu Rəhimov, Mehdi Hüseyn, Teymur Elçin, Nəriman Nərimanov, Mikayıl Müşfiq, Həsən Əliyev, Salyan şosesi və Hava limanı şosesi.
COP29 bitəndən sonra həmin zolaqlar ləğv olunacaq?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bildirib ki, COP29 tədbirindən sonra heç bir avtobus, velosiped və digər xüsusi zolaqlar ləğv olunmayacaq.
“Zolaqlara çəkilən COP29 loqoları tədbirdən sonra silinəcək və zolaqlar nəqliyyat vasitələrinin hərəkət zolağı kimi fəaliyyət göstərəcək”, – deyə məlumatda bildirilib.
COP29-un keçirildiyi dövrdə şəhərin əsas küçə və prospektlərində əsaslı qadağalar olacaq?
COP29 Nəqliyyat Departamentinin rəsmi məlumatına görə, tədbirin keçiriləcəyi dövrdə şəhərin əsas küçə və prospektlərində əsaslı qadağaların qoyulması nəzərdə tutulmayıb. Yalnız noyabrın 11-12-13-də Liderlər Sammitinin keçiriləcəyi dövrdə dövlət və hökumət başçılarının daşıyan kortejlərin keçəcəyi yollarda alternativlər müəyyən olunub.
Həmin günlərdə nəqliyyatın tənzimlənəcəyi planlaşdırılan istiqamətlərə Neftçilər prospekti, Yusif Səfərov, Heydər Əliyev prospekti, Zərifə Əliyeva küçəsi və digər yollar daxildir.
Xatırladaq ki, 11-22 noyabr tarixlərində Bakıda, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək./oxu.az
www.yenicag.az