!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıdakı qəzalı binalar: "Həmin mənzillərin qiyməti yüksəkdir" - SƏBƏB

!Reklam – Yazi

“Qısa müddətdə bütün qəzalı binaların sökülməsi və yenisi ilə əvəzlənməsi mümkün deyil”.

Bu sözləri qəzalı binalarla bağlı vəziyyəti dəyərləndirən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, bu gün qəzalı binaların sayı rəsmi statistik göstəricilərdən daha çoxdur:

“Bakı şəhərinin Baş planı sonuncu dəfə 1986-cı ildə hazırlanıb. Ötən vaxt ərzində paytaxt əhalisi üç dəfəyə qədər artıb. Zamanında müəyyən normativlərlə qorunan binalararası məsafələr, yaşıllıqlar, parklar və sair ərazilər bu gün çoxmənzilli yeni yaşayış binaları və müxtəlif obyektlərlə əvəzlənib. Bu zaman tikinti norma və prinsipləri tamamilə pozulub. Fövqaladə Hallar Nazirliyi tərəfindən artıq yüzlərlə bina qəzalı kimi qeydə alınıb. Lakin bütün binalar üzərində yoxlamalar aparılarsa, qəzalı binaların sayı daha çox olacaq. Çünki hazırda Bakı və Abşeron ərazisində minlərlə istismar müddətini bitirmiş köhnə çoxmənzilli yaşayış binası var. Bu binaların yaşını uzatmaq ciddi məbləğdə pul tələb edir. Bununla yanaşı, paytaxtın tam mərkəzində yerləşən 2,3 və 4 mərtəbəli yaşayış binalarını sökərək yerində çoxmənzilli, hündürmərtəbəli yeni bina inşa etmək qeyri-mümkündür. Çünki həmin ərazilərdə standartlara uyğun olaraq avtoparkinq, istirahət guşəsi, iaşə obyektləri və sair yaratmaq üçün yer yoxdur. Məhz buna görə də həmin binaların alınmasına, sökülməsinə tikinti şirkətləri maraq göstərmirlər. Paytaxt ərazisində sökülən binalar, əsasən, Yasamal, Binəqədi, Nəsimi, Nərimanov rayonlarındakı “Xruşşovka”, alman layihəli binalardır. Bu binaların ərazisində yeni hündürmərtəbəli binaları yerləşdirmək mümkündür”.

Mövcud şəraitdə tikinti şirkətlərinin əvvəlki kimi böyük həcmli binalar inşa edə bilmədiyini vurğulayan Elnur Fərzəliyev deyib ki, bu qərar şəhərin tikinti sıxlığından qorunması üçün atılmış bir addımdır:

“Bütün hallarda binaların hamısı qısa vaxt ərzində sökülməməli, həmin binalara vaxtında xidmət olunmalıdır. Yəni sökülən yerlər düzəldilməli, tələb olunan xərclər qoyularaq söküləcəyi müddətə qədər ömrü uzadılmalıdır. Bina sökülənə qədər oradakı təhlükələr aradan qaldırılmalıdır. Əgər təhlükə aradan qaldırılacaq kimi deyilsə, bu halda sakinlər köçürülməlidir. Hazırda qəzalı vəziyyətdə olan binalarda təmir işləri vaxtında aparılsaydı, problemin qarşısını almaq daha asan olardı. Onu da qeyd edim ki, bu gün qəzalı binalardakı mənzillərin qiyməti yüksəkdir. Bunun əsas səbəbi odur ki, köhnə bina sökülərkən burada mənzillərin orta qiyməti təxminən 80-85 min manat olur. Lakin həmin bina sökülüb yerində yenisi tikilirsə, mənzil sahibinə tikinti şirkəti tərəfindən iki il kirayə haqqı ödənilir. Daha sonra mənzilin əvvəlki sahəsindən daha geniş mənzil təklif edilir ki, bunun da qiyməti təxminən 130-140 min manata gəlib çıxır. Ona görə də söküntü gedən binalarda qiymətlər ucuzlaşmaqdansa, bahalaşır”.

Qeyd edək ki, bu il Bakı Şəhər İcra Hakimiyyətinin başçısının imzaladığı sərəncama əsasən, şəhərdə qəzalı vəziyyətdə olan, öz resursunu başa vurmuş çoxmənzilli yaşayış binalarının inventarizasiyası və bu binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi məqsədilə müvafiq komissiya yaradılıb.

Gülşən Şərif

COP29

www.yenicag.az

668
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv