“Əlbəttə ki, Azərbaycan-ABŞ münasibətləri Tramp administrasiyası dövründə yaxşılaşa və yüksək səviyyəyə qalxa bilər. Amma ABŞ siyasətində həmişə erməni-amerikan faktoru mövcuddur. Bununla belə, prezident Donald Tramp bu diaspora təşkilatlarına əhəmiyyət vermir. O, prezidentliyinin sonuncu dövrünü keçirir və artıq Amerikanın siyasi institutlarına o qədər də əhəmiyyət vermədiyini göstərib”.
Bunu Yenicag.az-la söhbətində ABŞ-nin Azərbaycandakı sabiq səfiri, beynəlxalq ekspert Metyu Brayza deyib.
O, ABŞ-Azərbaycan münasibətlərinin Tramp administrasiyasının dördillik hakimiyyəti dövründə inkişaf perspektivlərini şərh edib.
M. Brayzaya görə, Tramp ABŞ məhkəmələrini görməzdən gəlir və əslində, hakimiyyət bölgüsünü zəiflədir:
“Bu isə ABŞ Konstitusiyasının təməl prinsiplərinə ziddir. O, hətta öz siyasi partiyasının – Respublikaçıların əvvəlki siyasətinə və baxışlarına da əhəmiyyət vermədən partiyasını yenidən formalaşdırıb. Bundan əlavə, diaspora icmalarının fikirləri onun üçün heç bir önəm daşımır. Bütün bunları nəzərə alsaq, Azərbaycan və Ermənistan məsələləri Trampın gündəmində deyil. O, daha çox İsrail, Qəzza və Ukraynadakı sülh proseslərinə vasitəçilik etməyə, həmçinin Çinə qarşı siyasət yürütməyə və müəyyən qədər də İranla bağlı məsələlərə diqqət yetirir. Bununla yanaşı, əsas vaxtını ABŞ daxilində hakimiyyətini möhkəmləndirməyə və iqtisadi siyasətini, xüsusilə də tariflərlə bağlı strategiyasını həyata keçirməyə sərf edir”.
“Tramp ötən həftə Çin mallarına 10%, daha sonra isə ABŞ-yə idxal edilən bütün polad və alüminium məhsullarına 25% rüsum tətbiq edib. Azərbaycan və Ermənistanın müttəfiq və ya rəqib olması isə onun gündəmində yer almır, lakin bu, gələcəkdə dəyişə bilər. Çünki o, özünü ölkələr arasında münaqişələri həll edən və sülhə nail olan lider kimi görməyi xoşlayır. Məhz bu səbəbdən o, Azərbaycan-Ermənistan sülh sazişini diqqətə alaraq, bu prosesdə vasitəçi kimi çıxış edib, ölkələr arasında uzunmüddətli sülhə nail olunmasında rol oynamaq istəyə bilər”, – deyə o, fikirlərini tamamlayıb.
Rafi Müslümov
www.yenicag.az