Bayram günlərində milli parkları 12 min 348 turist ziyarət edib.
Yenicag.az xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.
Qeyd olunub ki, bayram tətili günlərində ən çox turist qəbul edərək ilk üçlükdə yer alan Göygöl, Abşeron və Altıağac milli parklarıdır: “Ölkənin müxtəlif bölgələrində yerləşən milli parkları ziyarət edərək təbiətlə təmasda olmağa üstünlük verən turistlərin sayı bu bayram günlərində 12348 nəfər təşkil edib”.
Xidmət rəsmisi qeyd edib ki, ölkədə zəngin təbii landşafta və özünəməxsus ekosistemə malik 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı var.
Turizm mövsümünün başlanmasını nəzərə alaraq A.Babayeva milli parkların yerləşdiyi ərazilərlə bağlı da məlumat verib.
Qeyd olunub ki, bunlar Abşeron Milli Parkı-Xəzər rayonu, Zirə qəsəbəsi; Şirvan Milli Parkı-Salyan rayonu, Yenikənd kəndi; Hirkan Milli Parkı-Lənkəran rayonu, Bürcəli kəndi; Altıağac Milli Parkı-Xızı rayonu, Xələc kəndi; Qızılağac Milli Parkı-Lənkəran rayonu, Liman qəsəbəsi; Göygöl Milli Parkı-Göygöl rayonu, Toğanalı kəndi; Samur-Yalama Milli Parkı-Xaçmaz rayonu, Xudat qəsəbəsi; Ağgöl Milli Parkı-Ağcabədi rayonu; Şahdağ Milli Parkı-Quba, Qusar, İsmayıllı, Şamaxı, Oğuz, Qəbələ rayonları; Zəngəzur Milli Parkı-Naxçıvan MR Ordubad, Culfa, Şahbuz rayonlarıdır.
www.yenicag.az