Belçikalı həmkarından Elmar Məmmədyarova dəstək
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkədə səfərdə olan Belçikanın xarici işlər, xarici ticarət və inkişafa yardım naziri, baş nazirin müavini və Avropa Şurası Nazirlər Komitəsinin sədri Didier Reynderslə birgə mətbuat konfransı keçirib.
Yenicag.az azadinform-a istinadən xəbər verir ki, E. Məmmədyarov həmkarı ilə baş tutan görüş zamanı müzakirə edilən mövzular barədə danışıb: “Həm regional məsələlər, həm Dağlıq Qarabağ münaqişəsi, münaqişə ilə bağlı Azərbaycanın mövqeyi barədə Reyndersi məlumatlandırdım. Ukraynada baş verən hadisələr, Riqa sammiti də müzakirə mövzusu oldu”.
E. Məmmədyarov qeyd edib ki, Azərbaycan Avropa Şurası çərçivəsində yüksək fəaliyyət göstərir və şuranın Nazirlər Komitəsinə sədrlik Azərbaycandan Belçikaya ötürülüb.
Nazir qeyd edib ki, ikitərəfli görüş zamanı NATO əsgərlərinin Azərbaycandan keçərək Əfqanıstan getməsi, eləcə də geri qayıtması zamanı onların rahatlığının təmin edilməsi də müzakirə mövzusu olub.
E. Məmmədyarovun sözlərinə görə, Belçika şirkətləri Azərbaycanda enerji sektoruna, xüsusilə Cənub Qaz dəhlizinə maraq göstərir.
Nazir bildirib ki, yayda Azərbaycanda keçiriləcək Avropa Olimpiya oyunlarına Belçikadan 160 idmançı qatılacaq.
Reynders isə öz çıxışı zamanı bildirib ki, Dağlıq Qarabağ münaqişəsi, qoşunların təmas xəttindəki vəziyyət barədə məlumatlandırılıb: “İstərdim ki, münaqişə Minsk qrupu çərçivəsində həllini tapsın. Tərəflərin razılığı ilə xalqların öz müqəddəratını təyin etmə prinsipi də burada öz əksini tapsın”.