Bələdiyyələr nüfuzlu quruma çevrilə bilmədi
İlqar Hüseynli: “Bələdiyələr ötən 5 ildə də hakimiyyət strukturunda ciddi yerə sahib ola bilmədi”
“Hazırda fəaliyyətini başa vurmaqda olan bələdiyyələr bu 5 ildə ciddi söz sahibinə çevrilə bilmədilər”.
Bu sözləri Yenicag.az saytına açıqlamasında fəaliyyətini başa vurmaqda olan bələdiyyələrin durumuna münasibət bildirərkən həmin sahə üzrə ekspert İlqar Hüseynov bildirdi: “Bələdiyələr yarandığı zamandan bu günə qədər ancaq bir məsələdə pozitiv hadisə baş verib. Bu da bələdiyyələrin birləşdirilməsi məsələsidir. 2009-cu ilə qədər ölkədə bələdiyyələrin sayı kifayət qədər çox idi. Bələdiyyələr üzrə keçirilən son seçkilərdən sonra isə bir çox bələdiyələrin birləşməsilə onların sayı azaldıldı. Amma bu birləşmə könüllülük prinsipilə olmadı, dövlət orqanlarının birbaşa göstərişi və müdaxiləsi əsasında baş verdi. Bu halı çıxmaq şərtilə istər bələdiyyə büdcəsinin, istər bələdiyyə mülkiyyətinin formalaşması, əmlakın idarə edilməsi, torpaq üzərində sərəncam hüququnun əldə olunması baxımından son 5 ildə də həmin istiqamətdə ciddi dəyişiklik baş vermədi. 2009-2014-cü illərdə fəaliyyət göstərən bələdiyyələr əvvəlki dövrlərlə müqayisədə bir qədər də səlahiyyətsiz və fəaliyyətsiz olmaları ilə yadda qaldılar. Bunun nəticəsidir ki, bu ilki bələdiyə seçkilərinə də kifayət qədər az maraq var. Bələdiyələr ötən 5 ildə də hakimiyyət strukturunda ciddi yerə sahib ola bilmədi”.
Rüfət