Bilik Fondu Abşeronda görüşdə
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov və bu qurumun əməkdaşları Abşeron rayonunda yerli əhali ilə görüşüblər.
Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Bilik Fondunun Abşeron rayonu üzrə nümayəndəsi Teyyubə Hüseynova rayon ziyalılarının fondun fəaliyyətini yaxından izlədiklərini bildirib, bundan sonra da səmərəli işlər görüləcəyinə əminliyini ifadə edib. Fondun Abşeron rayonunda maarifləndirmə sahəsində layihələr həyata keçirməsi üçün hər cür şəraitin yaradıldığını vurğulayan T.Hüseynova Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə nəşr olunan bukleti iştirakçılara təqdim edib. Bukletdə rayonun görkəmli şəxsiyyətləri, buradakı tarixi abidələr barədə məlumatlar yer alıb.
Bilik Fondunun yaradılmasını ölkə başçısının təhsilə, maarifçiliyə böyük töhfəsi kimi dəyərləndirən O.Səmədov azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi dəyərlərin təbliği, dövlətin daxili və xarici siyasətinin mahiyyətinin ictimaiyyətə çatdırılması işinə bölgə ziyalılarının cəlb olunmasının vacibliyini vurğulayıb.
Rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə geniş məlumat verən O.Səmədov iştirakçıların suallarını cavablandırıb, yerli ictimaiyyətlə görüşlərin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib.
Tədbirdə fondun fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Bilik Fondu rayonlarda görüşlərini davam etdirir.
(azertag.az)