Birinci xanım Pakistan mediasında…
Cari ilin 6-7 oktyabr tarixlərində Pakistanın Xayber Paxtunxva əyalətinin qaçqınların məskunlaşdığı Lakki Marvat və Dera İsmail Xan bölgələrində, həmçinin sel daşqınlarından zərər çəkmiş Pəncab əyalətinin Okara, Multan, Ravalpindi və İslamabada şəhərlərində Heydər Əliyev Fondunun Prezidenti UNESCO və İSESCO-niun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə Qurban bayramı ilə əlaqədar keçirilmiş silsilə tədbirlər Pakistan elektron mediasında geniş işıqlandırılıb.
Belə ki, Pakistanın “Jhang”, “The News”, “Express Preshawar” qəzetləri, “Diplomatik Star”, “Centreline” jurnalları, “DNA news”, “Pakistan in the World” informasiya agentlikləri tərəfindən tədbir haqqında məqalələr dərc edilib.
Məqalələrdə bildirilib ki, bölgələrdə təşkil olunmuş mərasimlərdə Pakistanın tanınmış siyasətçisi, Pakistanın sabiq neft naziri və sabiq ticarət naziri, senator Səlim Seyfulla Xan, Pakistan Parlamentinin sabiq sədr müavini, Pakistan-Azərbaycan dostluq qrupunun üzvü Feysəl Kərim Kundi, Bayt-ul-Malın təşkilatının İcraçı direktoru Vahid Şeyx və administrasiyanın rəhbəri Cahangir Axtar, digər tanınmış şəxslər çıxış edərək Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya hər bir müsəlman üçün xüsusi önəm kəsb edən bayram günündə çətin maddi və mənəvi durumda olan məcburi köçkünlərin dərdinə şərik olmasına görə minnətdarlığını bildiriblər.
Yazılarda, Ravalpindi şəhərində təşkil olunmuş mərasimdə Azərbaycanın səfiri Daşqın Şikarovun tədbir iştirakçıları qarşısında çıxış edərək onları bayram münasibəti ilə təbrik etdiyi qeyd olunub. (525.az)