“Ukraynada torpaq bazarı açılsaydı, azərbaycanlı biznesmenlər bizim aqrar sektorda fəaliyyət qurmaqda maraqlı olardılar”.
Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Ukrayna-Azərbaycan iqtisadi əlaqələrini dəyərləndirən Ukraynalı iqtisadçı Aleksandr Oxrimenko deyib.
Aleksandr Oxrimenkonun sözlərinə görə, Ukraynada normal hakimiyyətin olmaması əməkdaşlıq potensialından səmərəli istifadəyə imkan vermir:
“Ukrayna Azərbaycana taxıl, həmçinin, az həcmdə olsa belə, süd məhsulları ixrac edir. Ancaq Ukrayna üçün Azərbaycan bazarı taxıl satışı yox, daha çox hazır məhsulların realizəsi baxımından maraqlı olardı. Bunun üçünsə istehsal kooperasiyasına ehtiyac var.
O halda Ukraynalı istehsalçılar Azərbaycanda tanınmış brendlərin markaları üçün ərzaq məhsulları istehsal edə və eləcə də Ukrayna markalarını tanıda bilərlər. Bu, çox maraqlı ideya olsa da, təəssüf ki, heç kim onunla maraqlanmır.
Fikrimcə, Ukraynada torpaq bazarı açılsaydı, azərbaycanlı biznesmenlər bizim aqrar sektorda fəaliyyət qurmaqda maraqlı olardılar. Həm də ki Azərbaycan Ukraynanın aqrar sektorunu yanacaqla təmin edərdi – buna hər zaman tələbat var.
Bundan başqa, Ukrayna müəyyən mübadilə şərtləri əsasında Azərbaycana aqrar məhsulların satışını genişləndirə bilər. Əgər düzgün mexanizm qurularsa, bu, hər iki ölkənin faydasına olar.
Bir sözlə, perspektiv genişdir. Lakin nə qədər ki Ukraynada normal prezident və hakimiyət yoxdur, iki ölkə arasında uğurlu biznes münasibətləri qurmaq çətin olacaq”.
Qafqaz Ömərov
www.yenicag.az