“Bizə 27-nə qədər vaxt vermişdilər”
Ötən saylarımızda xəbər verdiyimiz kimi, martın 11-də Bakı Metropoliteninə daxil olan stansiyalardakı ticarət köşklərini yığışdırılması ilə bağlı qərar verilib. Metropolitenin yeni rəisi Zaur Hüseynov tərəfindən verilən qərar stansiyaların daxilində və piyada keçidlərində qurulan ticarət köşklərinə şamil edilib.
Metro ticarətçiləri Prezident Administrasiyasına, Bakı şəhər İcra Hakimiyyətinə getdilər və öz şikayətlərini bildirdilər. Amma onların şikayətləri nəticəsiz qaldı. Metro ticarətçilərinin etirazları heç bir fayda vermədi. Ticarət köşklərinin sahiblərinə martın 27-ə kimi vaxt verilmişdi. Amma söküntü daha tez başladı.
Əvvəlcə martın 14-də söküləcək ticarət obyektlərinin sayı açıqlandı. Siyahıda bildirildi ki, metronun “Nəriman Nərimanov” stansiyasında 185, “Neftçilər” stansiyasında 186, “Koroğlu” stansiyasında 109, “Qara Qarayev” stansiyasında 94, “Əhmədli” stansiyasında 93, “Xalqlar Dostluğu” stansiyasında 96, “İnşaatçılar” stansiyasında isə 88 ticarət obyekti söküləcək. Martın 15-dən etibarən isə söküntülər başlandı. İlk olaraq söküntü “Əhmədli” və “Sahil” stansiyalarından başlanıldı. Onların ardınca “Koroğlu”, “Nəriman Nərimanov”, “Memar Əcəmi” və “Neftçilər” stansiyalarında köşklərin söküntüsü başlandı.
“Verdikləri sözü də tutmağı bacarmırlar”
Söküntülər polis müşahidəsi altında aparılıb və əsasən gecə saatlarında başlanılıb. Bəzi stansiyalarda köşk sahibləri ilə polis arasında kiçik insidentlər yaşanıb. “Azadlıq” metrostansiyasında söküntü zamanı ticarətçilərlə polis arasında mübahisə yaranıb. Mübahisəyə səbəb isə söküntünün gecə saatlarında başlanması və öncədən xəbərdarlıq edilməməsi olub. Köşk sahibləri çarəsiz olduqlarını və onlara verilən sözə əməl edilmədiyini deyirlər: “Bizə qarşı düzgün hərəkət etmirlər. Bakı Metropoliteninin binası önündə aksiya keçirdiyimiz zaman bizə söz vermişdilər ki, martın 27-nə qədər köşklərə toxunmayacaqlar. Biz də inanmışdıq. Amma indi qəfil gəlib dedilər ki, sökürük. Verdikləri sözü də tutmağı bacarmırlar. Əlimizdə olan malları hara yığaq? Belə iş olmaz axı”.
“Koroğlu” metrostansiyasında da söküntülər davam edir. Orada olan kafe və geyim mağazaları tamamilə boşaldılıb. Maraqlısı budur ki, “Koroğlu” metrostansiyası təmir edilən zaman o dükanlar üçün xüsusi yerlər ayrılmışdı. Bu dükanları köşklər kimi söküb başqa bir yerə daşımaq mümkün deyil. Boş qalan dükanların sonrakı taleyi məlum deyil.
Bakı sakinləri isə Bakı Metropoliteninə daxil olan stansiyalardakı ticarət köşklərinin sökülməsinə dair fikirləri fərqlidir.
“Mən bu söküntüləri alqışlayıram. Hamısını söksələr yaxşı olar”
Şəhər sakini olan 62 yaşlı Adil kişi söküntüləri bəyəndiyini deyir: “Mən Bakıda doğulmuşam. Cavan vaxtlarımda maşınım var idi. Hər yerə onunla gedirdim. Artıq qocalmışam. Gözlərim görmür. Metro mənim üçün ən yaxşısıdır. Amma bu keçidlərdəki bazara görə əziyyət çəkirdim. Gedib-gəlmək olmurdu. Yolun yarısını köşklər tutmuşdu. Hamı bir-birini əzməyə məcbur qalırdı. Mən bu söküntüləri alqışlayıram. Hamısını söksələr yaxşı olar”.
“Burada o qədər ailə çörək pulu qazanırdı. Onları düşünən yoxdur?”
Digər şəhər sakini isə bunun tam əksini fikirləşir: “Düzgün iş görmürlər. Burada o qədər ailə çörək pulu qazanırdı. Onları düşünən yoxdur? 20 ildir ki, metrolarda ticarət köşkləri var. İndi yadlarına düşdü ki, gediş-gəlişə mane olur? Nəyəsə ehtiyacımız olanda buradan almaq olurdu. Başqa yerə getməyə ehtiyyac qalmırdı. Həm də başqa yerdə satılan eyni şey burada daha ucuz idi”.
“Metronun 21 stansiyasında ticarət artıq dayandırılıb”
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov söküntülərlə bağlı APA-ya müsahibə verib. O bildirib ki, artıq bir çox sahibkarlar ticarət mərkəzlərinə köçürülüb və onlara köməklik edilir: “Biz sahibkarlara “AMAY” və “Yeni Günəşli” ticarət mərkəzlərində, “Keşlə”, “Yaşıl” və “Şərq” bazarlarında yerlər təklif etmişik. Bu təkliflə razılaşacaq sahibkarlardan 3 ay müddətində dövlət rüsumu alınmayacaq. Onlardan bəzilər artıq ticarət mərkəzlərinə köçürülüb və onlara köməklik edilir”.
Ə. Bağırov onu da qeyd edib ki, metronun 21 stansiyasında ticarət artıq dayandırılıb: “Hazırda metronun “Nəriman Nərimanov”, “Memar Əcəmi” və “Neftçilər” stansiyalarında köşklərin yığışdırılması prosesi davam etdirilir, “Xalqlar Dostluğu” və “İnşaatçılar” stansiyalarında isə işlər günün sonuna qədər başa çatdırılacaq”.
musavat.com