“Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun azadlığa çıxması münasibəti ilə təşkil olunan ziyafətdə meyxanaçıların da iştirak etməsini əks etdirən video yayılıb.
Yenicag.az xəbər verir ki, unikal.org-un yaydığı videoda Vasif Əzimov, Orxan Lökbatanlı kimi tanınmış bədiyyə ustalarının iştirak etdiyi məclisdə Rəşad Dağlının kriminal avtoritetin şəninə meyxana deməsi əks olunub.
Lakin Yenicag.az saytına açıqlama verən Rəşad Dağlının həmkarı Orxan Lökbatanlı məlumatı təkzib edib. O, bu kadrların köhnə olduğunu, ümumiyyətlə, Nadir Səlifovun şərəfinə verilən ziyafətdə iştirak etmədiyini bildirib:
“Köhnə videodur. Heç tarixi də dəqiq yadımda qalmayıb. Hansısa toy məclislərinin birində deyilmiş meyxanadır. O qədər toylarda oluruq ki, nə bilim hansıdır? “Lotu Quli” iki gündür azadlığa buraxılıb. Əgər belə bir ziyafət olsaydı, səsi çıxardı, hamı xəbər tutardı”.
O. Lökbatanlı məşhur avtoritetlə münasibətlərinə də aydınlıq gətirib:
“Bizim o “qədeşə” böyük hörmətimiz və simpatiyamız var. Amma belə münasibətlərimiz yoxdur. Bizim nə həddimizə onunla dostluq edək, eyni məclisdə oturaq?! Amma toy məclislərində qafiyə istəyiblər, açmışıq. Həm camaat bunu istəyib, həm də öz ürəyimizdən keçib meyxanalar demişik”.
Qeyd edək ki, Vasif Əzimov da əməkdaşımızla söhbətində “Lotu Quli”nin şərəfinə təşkil edilən məclisdə iştirakını xatırlamadığını bildirib.
Daha sonra dəqiqləşdirdik ki, sözügedən video bir müddət əvvəl Rusiyadakı toyların birində lentə alınıb.
Cəvahir
www.yenicag.az