!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Boşanmalar çoxalacaq, aqressiya və gərginlik artacaq – Psixoloqlardan postkarantin PROQNOZU

!Reklam – Yazi

Lalə Mehralı: “Karantin rejimi bitdikdən sonra kütləvi boşanmaların baş verməsi gözləniləndir”.

İlahə Dadaşova: “Mövcud durum insanların psixologiyasında ciddi iz qoyacaq və əlbəttə, müəyyən fəsadlar törədəcək”.

Dünyada tüğyan edən koronavirus pandemiyası həyatın bütün sahələrini demək olar, iflic edib.

Pandemiyanın əsas fəsadları sırasında əksər ölkələrdə tətbiq edilmiş karantin rejimində insanların evlərə qapanması və bu durumun yaratdığı psixoloji gərginlik xüsusilə seçilir. Bir sıra nüfuzlu mütəxəssislər isə krantin müddətinin daha bir müddət qüvvədə qalmasının ailədaxili münasibətlərdə ciddi çatlar yaradacağı haqda xəbərdarlıq etməkdədirlər.

Karantin rejiminin bu aspektdə mümkün fəsadlarını Yenicag.az-a şərh edən “Sağlam Toplum” İctimai Birliyinin sədri Lalə Mehralı bildirib ki, tətbiq olunmuş məhdudlaşdırıcı qaydalar ailə üzvlərinin bir-birilərini daha yaxından tanımalarına yol açır. Lakin bu durumda müəyyən problemlərin yaranması qaçılmazdır:

“Dünya təcrübəsinə əsasən, sözügedən vəziyyət ailədaxili təzyiqlərin və boşanmaların artmasına təkan verib. Yəni karantin rejimi ailədəki problemləri daha da qabardıb.

Bu vəziyyətlə bağlı hələlik ölkəmizdə statistik məlumat açıqlanmayıb. Bütün hallarda tərəflərin bir evin içində daha çox vaxt keçirməsi xarakterlərin bir-birinə uyğun gəlib-gəlmədiyini üzə çıxarır.

Bizdə evliliklərin əksər hissəsinin valideynlərin təkidi ilə baş tutduğunu nəzərə alsaq, karantin rejimində həmin cütlüklərin bir çox uyğunsuzluqları meydana çıxa bilər. Karantin rejimi bitdikdən sonra kütləvi boşanmaların baş verməsi gözləniləndir. Lakin yaxşı olardı ki, bu çətin günlərdə tərəflər bir-birilərinə güzəştlər etsinlər”.

Psixoloq İlahə Dadaşova isə öz növbəsində qeyd edib ki, karantin rejiminin yaratdığı psixoloji vəziyyət əksər ailələrə təsirsiz ötüşməyəcək. Sadəcə, münasibətlərin yaxşı və ya pis olması tərəflərin prosesə yanaşmasından asılı olacaq:

“Demək olar ki, hazırda bütün ailələrdə əsəb, stress və təşviş artmaqdadır. Bu baxımdan, ailədaxili problemlər özünü qabarıq formada göstərə bilər. Xüsusən də keçmiş mübahisələrin yenidən gündəmə gəlməsi istisna deyil.

Mövcud durum insanların psixologiyasında ciddi iz qoyacaq və əlbəttə, müəyyən fəsadlar törədəcək. Karantindən əvvəlki dövrdə ailədə şiddətə meylli şəxslərin karantindən sonra daha da aqressivləşməsi mümkündür. Çünki mövcud vəziyyətdə maddi problemlər də yaşanır və bu amil vəziyyəti kəskinləşdirir.

Ona görə də, ailədaxili münasibətlərdə müəyyən mənada soyuqluq və gərginlik yaşanması ehtimalı yüksəkdir. Bu ərəfələrdə bir çox ailələrə məsləhət görərdim ki, psixoloji seanslara getsinlər və psixoloq dəstəyi ilə ailədaxili istənilən gərginliyi aradan qaldıra bilsinlər. Psixoloji sabitliyi bərpa etmək üçün ən azı onlayn psixoloji seanslardan yararlanmaq vacibdir”.

Gülşən Şərif

COP29

www.yenicag.az

1477
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv