“Bu, İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurudur”
Hazırda Azərbaycan vətəndaşları müasir həyat standartlarına uyğun yaşayırlar.
Bunu Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına açıqlamsında YAP-ın sədr müavini – icra katibi, Baş nazirin müavini Əli Əhmədov deyib.
Onun sözlərinə görə, vaxtilə Azərbaycanda insanlar yalnız yaşamaq haqqında düşünürdülərsə, indi yaxşı yaşamaq haqqında düşünürlər: “Bu, o deməkdir ki, insanların həyatında müsbət dəyişikliklər baş verir. Bugünkü hökumət insanların yaxşı yaşamaları üçün hər cür şərait yaradıb. Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurudur”.
Ə.Əhmədov deyib ki, bu gün müasirləşmə siyasətinin həyata keçirildiyi Azərbaycanda sabitliyin, əmin-amanlığın ən vacib amillərdəndir: “Hər bir vətəndaşımızın rahat yaşaması üçün təmin olunan rifah bugünkü Azərbaycan reallığının ən mühüm nemətlərindən biridir”.
Onun fikrincə, insanlar inanırlar ki, qarşıdakı illərdə də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da inkişaf edəcək: “Bakı gözlərimizin qarşısında dünyanın mədəni mərkəzlərindən birinə çevrilir, siyasi, humanitar forumların və yüksək səviyyəli tədbirlərin keçirildiyi bir məkan kimi qavranılır, getdikcə daha çox sayda beynəlxalq təşkilatlar öz tədbirlərini paytaxtımızda keçirmək qənaətinə gəlirlər. Bunların hamısı, eyni zamanda, Azərbaycana özünü dünyaya təqdim etmək, öz imici ilə tanınmaq fürsəti verir. Hesab edirəm ki, bu, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətin çox mühüm uğurlarından biri sayıla bilər. İndi dünya kiçik Azərbaycanı sürətlə inkişaf edən, modernləşən, yeniləşən, müasir dünyanın vacib dövləti kimi tanıyır və bu, eyni zamanda, hər bir Azərbaycan vətəndaşının vətənpərvərlik hisslərini və duyğularını qabardır”(azadinform).