Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsə və ya onun yaxın qohumuna hədə-qorxu gəlmək, onları təzyiqlərə məruz qoymaq, maddi və ya mənəvi ziyan vurmaq, təhqir və təhdid etmək, şərəf və ya ləyaqətini alçaltmaq qadağan edilir.
Yenicag.az xəbər verir ki, bu, “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində əks olunub.
Dəyişiklik layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Qeyd olunub ki, dəyişikliyə əsasən, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən işçiyə belə məlumat verdiyinə görə birbaşa və ya dolayı yolla qisas almaq məqsədilə tənbeh tətbiq etmə, əmək müqaviləsinə xitam vermə, vəzifədən azad etmə, başqa işə keçirmə, əməkhaqqından qanunsuz tutulmalar aparma, vəzifədə irəli çəkilməyə və ya həvəsləndirməyə aktiv və ya passiv formada maneçilik törətmə, mənfi cəhətdən xarakterizə etmə və digər bu cür tədbirlər tətbiq edilə bilməz.
Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs ona qisas almaq məqsədilə hər hansı tədbirlərin tətbiqinə dair dəlillər irəli sürdükdə həmin dəlillərin təkzib edilməsi işəgötürənin üzərinə düşəcək.
Həmçinin orqanın rəhbəri müvafiq qurum daxilində bu tələblərə riayət olunmasını təmin etməlidir, həmin maddənin tələblərinin pozulması məsuliyyətə səbəb olacaq.
Qanunla qadağan edilən addımlara məruz qaldığını iddia edən şəxs pozulmuş hüquqlarının bərpası üçün aidiyyəti üzrə yuxarı vəzifəli şəxsə və məhkəməyə müraciət edə bilər.
Layihə müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə olunub.
www.yenicag.az