“Bundan sonra terrorçular tərəfindən öldürüləcək hər bir amerikalının qanına görə məsuliyyət Trampın üzərinə düşəcək”.
Bu fikirləri Yenicag.az-a müsahibəsində ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarını şərh edən politoloq Zərdüşt Əlizadə deyib.
– Prezident Tramp vəd etdi və Qüdsü İsrailin paytaxtı kimi tanıdı. Bu qərar geniş mənada necə başa düşülməlidir?
– Bu addım mənim üçün məntiqli və aydındır. İsrail Amerikanın Yaxın Şərqdə imperialist siyasətinin həyata keçirilməsində ən səmərəli alətlərindən biridir. Amerika da təbii ki, öz alətinin tərəfində durur. Bu, öz yerində. Əslində isə Amerika öz maraqlarını güdür və Tramp da Qüdsü İsrailin paytaxtı kimi tanımaqla ölkəsinin milli mənafelərindən çıxış edib. Buna belə baxmaq lazımdır.
Amerikanın maraqları isə dünyada mövcud olan bütün müsəlman xalqlarının mənafelərinə ziddir. Məhz Amerikanın maraqları naminə belə ədalətsiz, beynəlxalq hüququ pozan, bütün dünyanın ictimai rəyinə qarşı olan, ilk növbədə Fələstin xalqının köklü maraqlarına uyğun gəlməyən qərar qəbul edilib. Bu qərar bütövlükdə ortodoksal, ifrat, təməlçi, başdanxarab sionost radikalların arzularına cavab verir. Tramp bu qərarı ilə Amerikanın Şərq siyasətini tam çılpaqlığı ilə ortaya qoydu.
– Ancaq Trampın bu qərarının bəzi ərəb dövlətləri, ilk növbədə Səudiyyə Ərəbistanı ilə Fələstinin gələcəyinə dair qurulan plan əsasında qəbul edildiyi bildirilir…
– Səudiyyə Ərəbistanından danışarkən, əsas bir amili heç vaxt unutmaq olmaz ki, bu ölkə də Amerikanın Yaxın Şərqdəki alətidir. Alətin özünün hansı iradəsi ola bilər ki? Amerika nə desə, Səudiyyə Ərəbistanı da o mövqeni qəbul etməlidir.
– Qüdslə bağlı bu qərara ən sərt münasibəti Türkiyə ifadə etməkdədir və Ankara İslam Əməkdaşlıq Təşkilatı Sammitini keçirtməyə qərar verib. Bu etirazların hansı nəticələri ola bilər?
– Nəzərə almaq lazımdır ki, hazırda bütün İslam ölkələrinin gücü Amerikanın mövcud gücünün heç onda biri qədər deyil. Təəssüf ki, beynəlxalq aləmdə əsas rolu hüquq yox, güc oynayır.
Baxın, Qarabağ Azərbaycan torpağıdır, ancaq işğal edilib. Azərbaycanın gücü yoxdur, Rusiyanın gücü var və Ermənistanın vasitəsilə Qarabağı tutub. Gücü olan Rusiya həmçinin, Gürcüstanın torpaqlarını alıb…
İndi Qərbin gücü var və o, Rusiyanı Olimpiya Oyunlarında iştirak hüququndan rəsmən məhrum edib. Yəni nə qədər acınacaqlı olsa da, müasir dünyada kim güclüdürsə, o da haqlıdır. Reallıq bundan ibarətdir.
– Bu məsələdə Türkiyə ilə İran ərəb ölkələrindən fərqli olaraq, ciddi fəallıq göstərirlər…
– Ərəb ölkələrinin çoxunun rəhbərləri Amerikadan sözün tam mənasında asılıdırlar, tuladırlar. Onlardan nə gözləmək olar?
– Trampın qərarından sonra çoxtərəfli diplomatik qalmaqal gözlənilir?
– Kəskin diplomatik qalmaqal yaranacağını gözləmirəm. Ancaq müəyyən miqyasda qanlı toqquşmaların baş verəcəyi istisna deyil. Ümumiyyətlə, bundan sonra terrorçular tərəfindən öldürüləcək hər bir amerikalının qanına görə məsuliyyət Trampın və onun kimi siyasətçilərin üzərinə düşəcək. Çünki Trampın bu qərarı terrorizmin inkişafı üçün çox gözəl hədiyyədir.
A. Zeynalov
www.yenicag.az