“Gürcülərə göstərilməlidir ki, silahını aldıqları o əsgərin arxasında bütöv bir millət dayanıb”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycan-Gürcüstan sərhədinin “Keşikçidağ” hissəsində baş verən insidenti şərh edən hərbi ekspert Tərlan Eyvazov deyib.
Tərlan Eyvazovun fikrincə, gürcü millətçilərinin bu təxribatının qonşu ölkədə keçiriləcək parlament seçkiləri ilə birbaşa bağlılığı istisna deyil:
“Gürcülərin sərhəddə belə bir təxribat törətmələri düşündürücüdür. Bildiyiniz kimi, Gürcüstanda parlament seçkiləri yaxınlaşır və təhlilçilərin fikrincə, bu seçkilərdə prezidentliyə keçmiş namizəd Qriqol Vaşedzenin partiyasının qələbə qazanacağı şübhə doğurmur. Əgər sərhəddə məlum təxribatı törədənlər həqiqətən, Gürcüstanın milli qüvvələridirlərsə, onlar bu tip aksiyaları nəyə görə Abxaziyada, Osetiyada etmirlər? Əksinə, heç kəsə mane olmayan, heç kimə problem yaratmayan, iki dövlətin də ərazisinə düşən məbəd ətrafında belə oyunlar aparırlar.
Qeyd olunmalıdır ki, bu təxribatın əsası Gürcüstan prezidenti tərəfindən qoyuldu və o yanaşma hələ də davam edir. Xatırladım ki, bu hadisədən əvvəl yaranmış insidentdən sonra Azərbaycan və Gürcüstan diplomatları arasında danışıqlar başladı və anlaşılmazlıqların aradan qaldırılması üçün müzakirələr aparıldı. Ancaq indi gürcülər bəhanə edirlər ki, guya “Keşikçidağ”dakı monastırda saxlanılan ikonalara hörmətsizlik edilib.
Bu iddiaya baxmayaraq, Gürcüstan tərəfi rəsmi açıqlama yaydı və ikonaların Tiflisin təşəbbüsü əsasında götürüldüyünü bəyan etdi. Bu detallar da təsdiqləyir ki, “Keşikçidağ”da baş vermiş son insident sırf təxribatdır”.
Ekspertin sözlərinə görə, gürcülərin bu qədər cəsarətlənmələrinin bir səbəbi də Sərhəd Qoşunları komandanlığının tutduğu güzəştli mövqe və ölkə ictimaiyyətinin biganəliyidir:
“Keşikçidağ”da qeydə alınan ilk insidentdən sonra Azərbaycan Sərhəd Qoşunlarının komandanlığı müəyyən sərt tədbirlər görsə də, bunun ardınca güzəştli mövqe tutmağa başladı. Lakin bu yumuşalma gürcü millətçilərini yeni təxribatlara həvəsləndirdi. Onların azğınlığı o həddə çatdı ki, bizim sərhədçilərə hücum çəkərək, əsgərin silahını əlindən alacaq qədər irəli getdilər. Bu, qəti surətdə yolverilməzdir. Belə bir hadisənin yaşanmasında əsgərin, çavuşun, zabitin, zastava rəisinin, hətta Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin də günahı var. Əsgəri o vəziyyətə salmaq olmaz.
Eyni zamanda, ictimaiyyətin bu məsələyə müəyyən qədər biganə yanaşması da təəccüb doğurur. Açıq deyək ki, sərhədçilərimiz sanki meydanda tək qaldılar.
1980-ci illərdə SSRİ rəhbərliyinin göstərişi ilə bir neçə min hektar ərazi Ermənistana veriləndə, Qazax, Ağstafa camaatı Moskvadan gələn nümayəndələri daş-qalaq etmişdi. O xalq hanı? Nə oldu xalqa? Nədənsə, insanlarımız bu hadisələrə biganə qalıblar.
Təbii ki, biz heç kəsə, heç nə verməyəcəyik. Bu, mümkün olan iş deyil. Ancaq ictimaiyyət də səssiz qalmamalıdır. Gürcülərə göstərilməlidir ki, silahını aldıqları o əsgərin arxasında bütöv bir millət dayanıb”.
Səxavət Məmməd
www.yenicag.az