“Separatçı rejim rəhbərinə viza verilməsi BMT Təhlükəsizlik Şurasına çıxarılmalı olan məsələdir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyanın Fransa və ABŞ-a səfərinə şəriat yaradılmasına münasibət bildirən politoloq Qabil Hüseynli deyib.
Qabil Hüseynlinin sözlərinə görə, Azərbaycan bununla bağlı ATƏT-in Minsk qrupuna sərt mövqe göstərməlidir:
“Saakyanın Fransa və ABŞ-a səfərinə şərait yaradılmasının siyasi rəzalətdən başqa adı yoxdur. ATƏT-in Minsk qrupunun üzvü olaraq, Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını üzərinə götürmüş Paris və Vaşinqtonun bu hərəkəti beynəlxalq hüquqa meydan oxumaqdır.
Azərbaycan artıq bu faktla bağlı Fransaya etiraz notası göndərib, ABŞ-a isə xəbərdarlıq edib. Ancaq fikrimcə, Azərbaycan bu məsələdə daha qətiyyətli davranaraq, ATƏT-in Minsk qrupuna sərt mövqe göstərməlidir. Çünki həmsədr ölkələrin separatçı rejimə bu jestinin nəticələri gələcəkdə daha ağır hallar yarada bilər.
Hesab edirəm ki, Azərbaycan diplomatiyasının yüksək çinli fiqurları ABŞ və Fransaya təcili səfər edərək, bununla əlaqədar vəziyyətə aydınlıq gətirməlidirlər. Həmçinin Azərbaycan bu məsələni BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarmağa da təşəbbüs göstərməlidir”.
A.Zeynalov
www.yenicag.az