“Həmin əmlakın satışından əldə edilən vəsaitlər vətən yolunda şəhid olan insanların vərəsələrinə verilsin”.
Yenicag.az xəbər verir ki, bu fikirləri Milli Məclisdə davam etdirilən 2019-cu il dövlət büdcəsi layihəsinin müzakirəsində çıxış edən millət vəkili Fəzail Ağamalı deyib.
Fəzail Ağamalı Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olumuş insanların vərəsələrinə verilməli olan vəsaitlərin bəzi sabiq nazirlərin malik olduqları əmlakın satışı hesabına təmin olunmasını təklif edib:
“Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iyirmi dörd insan şəhid olub. Onların çoxu hətta döyüşmək üçün silah əldə etmək məqsədilə öz əmlaklarını satıblar. On bir min manatdan hesablasaq, şəhidlərin vərəsələrinə verilməli olan birdəfəlik ödəmələrin məbləği iki yüz altmış dörd milyon manatdır.
Ancaq bilirik ki, dövlət büdcəsi çox yüklənib, müəyyən məhdudiyyətlər var. Həmin vəsaitləri başqa mənbələrdən də təmin etmək mümkündür. Məsələn, Beynəlxalq Bankın indi həbsdə olan keçmiş sədri Cahangir Hacıyevin Londondakı mülkləri, eləcə də sabiq vergilər naziri Fazil Məmmədovun, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasınn sabiq rəhbəri Rüfət Aslanlının malik olduqları mülkləri, obyektləri, maşın kolleksiyaları satışa çıxarılsın.
Satışdan əldə olunan vəsaitlər isə vətən yolunda şəhid olan insanların vərəsələrinə verilsin. Bu məsələ haqqında düşünmək lazımdır. Çünki həmin pullar xalqa, dövlətə məxsusdur”.
www.yenicag.az