“44 günlük müharibədən sonra Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın ilk görüşü baş tutdu. Məhz bu səbəbdən görüşü şərh edən şəxslər ədalətli olaraq ilk növbədə protokol incəliklərinə xüsusi diqqət ediblər”.
Bu fikirlər “Caliber” layihəsinin “Youtube” kanalında yerləşdirilən növbəti təhlilində səsləndirilir.
Süjetdə ilk olaraq qeyd olunur ki, görüşün vacibliyini təsdiq edən digər fakt onun pandemiyanın geniş yayıldığı dövrdə tərəflərin fiziki iştirakı ilə bağlı idi.
Digər tərəfdən, tərəflərin mətbuat üçün açıqlamalarından bu nəticəyə gəlmək mümkündür ki, sözügedən görüş 10 noyabr razılaşmalarının məntiqli davamı idi.
Tərəflərin mətbuat üçün açıqlamalarını və liderlərin əhval-ruhiyyəsini nəzərə alaraq aydın müşahidə etmək olardı ki, Azərbaycan və Rusiya dövlətlərinin rəhbərləri üçtərəfli görüşdən daha məmnun görünürdülər.
Video təhlildə bunun birinci səbəbi olaraq 30 ildən artıq bir müddətdən sonra Azərbaycanın nəqliyyat kommunikasiyaları vasitəsilə Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə quru əlaqəsinə sahib olması göstərilir.
İkinci səbəb isə Azərbaycanın geoiqtisadi rolunu daha da artırır.
Belə ki, Cənubi Qafqaz bölgəsində ixtisaslaşmış analitiklər və mütəxəssislər “Yuxarı Lars keçid məntəqəsi” ifadəsinin Ermənistan üçün nə demək olduğunu çox yaxşı bilirlər.
“Qeyd etmək lazımdır ki, Ermənistanın Rusiya ilə birbaşa quru əlaqəsi yoxdur. Beləliklə, 11 yanvar 2021-ci il tarixli müqavilələr həyata keçirildiyi təqdirdə Ermənistan və Rusiya dəmir yollarının Azərbaycan ərazisindən keçməsi ilə Bakı bölgədəki Azərbaycanın geoiqtisadi rolunu daha da artıran ciddi bir nəqliyyat və infrastruktur alətini əlinə keçirmiş olacaq”, – deyə video təhlildə vurğulanır.
www.yenicag.az