Bu gün eşitdiyim acı xəbəri duyunca ağlıma nədənsə bu bir bənd şeir gəldi:
Güldürsən, ömürlük səadətindir,
Söndürsən, yanmağı bir də çətindir.
O, əsl qayğının, məhəbbətindir,
Sevgisiz zindandır qadın ürəyi.
Bəlkə də nə zamansa ölməz Tofiq Bayram bu misraları yazarkən heç ağlına da gəlməzdi ki, onun böyük ürəyi 56 yaşında qəflətən dayanacaq və güldürüb səadət bəxş etdiyi, qayğısı və məhəbbəti ilə ovundurub sevgisini verdiyi Zərifə xanımla düz 28 il 1 ay 17 gün sonra görüşəcək. Kim bilir, bəlkə də bu ayrılığın olacağını bilirmiş deyə qadın ürəyini belə zirvələrə qaldırmışdı. Ümumiyyətlə, Tofiq Bayram dünyasında həyat bir dəniz, sevgi isə bu dənizi qidalandıran çaydır. Həsrət həmin dənizi yandırıb buxarlandıran Günəş, buxarlanan su isə eşq zərrəsidir. Bəli, Tofiq Bayram məhz bu gün uzun həsrətdən sonra özünün eşq zərrəsinə – Zərifəsinə qovuşdu. Gözün aydın, Tofiq Bayram. İndi yəqin ki, ən sevimli şeirlərini həsrətlə gözlədiyin sevimli Zərifə xanımın üçün oxuyursan. Oxu, oxu şair, oxu. Uzun illər həsrəti ilə yaşadı o bu şeirlərin. Sevimli bacın Svetlana xanımla birgə gələninə, gedəninə Tofiq Bayram ölməyib, yaşayır dedilər bu dünyada. Övladlarına analıqla yanaşı atalıq da etdi. Qüruru ilə ölməzliyin təntənəsini daddırdı səni sevənlərə…
Yenə yaz vaxtıdır, indi yəqin köhnə dostun, qonşun Səttar Bəhlulzadə ilə oturub rahatcana söhbətlər edirsən. Axı artıq səni səndən çox sevən, uşaqlıqdan sevgi əfsanəsinə çevirdiyin Zərifən gəlib, Sizin qulluğunuzda duracaq. Arada çiynindən düşən plaşını çiyinlərinə qaldıracaq.
Ax, bircə görə biləydik bu həsrətin qovuşma anını…
Məkanınız uçmaq olsun, göylər ADAMLARI. Haqq dünyan xeyirli olsun, Zərifə xanım.
P.S. Çox dəyərli Svetlana xanım, başınız sağ olsun. Nəhəng Tofiq Bayram ocağının itkisini – mərhum Zərifə xanımın haqqa qovuşmasını böyük kədər hissi ilə anaraq, dərdinizə şərik olub, bu ağır günlərdə Sizlərə Allahdan səbr, dözüm, təmkin diləyirik. Allah rəhmət eləsin.
Yusif Alıyev
www.yenicag.az