Cümhuriyyətdən ZƏFƏRƏ: Azərbaycan Silahlı Qüvvələrinin TARİXİ YÜRÜŞÜ – Tənzilə Rüstəmxanlı yazır
Çoxəsrlik və zəngin dövlətçilik tarixinə malik Azərbaycan xalqı həm də şanlı, qüdrətli və qalib orduya sahib olması ilə qürur duyur, iftixar hissi keçirir.
107 il əvvəl yaradılan Azərbaycan Silahlı Qüvvələri bu gün dövlətimizin güc, xalqımızın isə güvən mənbəyi, inam və etibar ünvanıdır. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə yaradılan milli ordu sentyabrın 15-də Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad etdi. Azərbaycanda ilk hərbi parad 1919-cu ildə keçirildi. 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra isə bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Müasir Silahlı Qüvvələrin yaradılmasına 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra başlandı. Lakin müstəqilliyin ilk illərində, Ermənistanın torpaqlarımızı işğal etdiyi bir vaxtda ordu quruculuğu kimi vacib və məsuliyyətli işi lazımınca görülmədi. Bundan istifadə edən düşmənin torpaqlarımıza təcavüzü getdikcə daha geniş miqyas aldı. Belə bir ağır vaxtda xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev başıpozuq silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə start verdi.
Azərbaycan Silahlı Qüvvələrinin şərəfli tarixi xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Ulu öndər hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə böyük uzaqgörənliklə gələcəyi düşünür, milli zabit kadrların yetişdirilməsinə çalışırdı. 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin yaradılmasına nail olundu. Azərbaycan Silahlı Qüvvələrin formalaşmasında Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetişdirdiyi milli zabit kadrlarımızın müstəsna rolu olub. Müasir Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmlənməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir.
Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə də keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Ulu öndərin ordu quruculuğu siyasətini uğurla davam etdirən və zənginləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı istiqamətdə davamlı addımlar atıldı. Bu ali diqqət və qayğı nəticəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Ulu öndər Heydər Əliyev Azərbaycanı fəlakətin qucağından alıb çıxardı, xilas etdi, Müzəffər Ali Baş Komandan İlham Əliyev isə 44 günün içində dünyanı heyrətə gətirən bir Zəfərə imza atdı, yeni tarix yazdı.
Artıq beş ildir ki, 26 İyun – Silahlı Qüvvələr Gününü Zəfər əhvalında, Qələbə ovqatında qeyd edirik. Çünki 44 günlük Vətən müharibəsində əzəmətli Zəfər yürüşü edərək möhtəşəm qələbə qazanan şanlı Azərbaycan Ordusu tarix yazıb, adını tarixə əbədi həkk etdirib. Xalqımız – dünya azərbaycanlıları haqlı olaraq, Müzəffər Ali Baş Komandanımızın təbiri ilə desək, öz əsgəri, zabiti və qalib Ordusu ilə fəxr edir. Ümummilli liderimizin qeyd etdiyi kimi, Azərbaycan Ordusu ölkəmizin, millətimizin, dövlətimizin müstəqilliyinin dayağıdır!