Daşkəsən rayonunun sabiq icra başçısı Əhəd Abıyev ötən gün Daşkəsən Rayon İcra Hakimiyyətində keçirilən korrupsiya əməliyyatına münasibət bildirib.
“Unikal”a açıqlama verən Əhəd Abıyev bildirib ki, əməliyyat nəticəsində saxlanılan məmurları vəzifəyə o təyin etməyib:
“Bu işin mənə nə dəxli var? Mənim dövrümdə belə hallar olmayıb.
Məsələn, mənim dövrümdə qazi icra hakimiyyətinin qarşısında özünü yandıraraq ölürdü? Xeyr. Bu hadisələr məndən sonra olub.
13 il işləmişəm, rayon da 1-ci yerdə olub. Bir dənə də olsun ərizə, şikayət yox idi.
Mən özüm ərizə yazıb təqaüdə çıxmışam. Hazırda Bakıda yaşayıram. Hər gün 5 saat yarım yolu gedib-gəlməməliyəm ki?
Bəziləri yazırlar ki, Əhəd müəllimi də istintaqa çağırıblar. Bunlar yalandır.
Mən 1 ildir Daşkəsənin icra başçısı vəzifəsindən kənarlaşmışam. Çox adam vəzifədən gedir. Məgər, hamısını çağırırlar ki, filankəs, sən belə eləmisən? Mənim adımı niyə çəkməlidirlər?
Kim nə hərəkət edirsə, nə cinayət törədirsə, öz cəzasını da alır. Özləri bilər. Saxlanılan şəxslərlə bağlı qanuni tədbir görəcəklər”, – deyə o bildirib.
Qeyd edək ki, ötən gün Daşkəsən İcra Hakimiyyətində keçirilən əməliyyat nəticəsində memarlıq və tikinti şöbəsinin müdiri Elman Məmmədov və ümumi şöbənin işçisi Yaqub Bayramov saxlanılıb.
www.yenicag.az