III Antalya Diplomatiya Forumunda keçirilən panellərdən də bir daha əmin olduq ki, Ermənistan Cənubi Qafqazda sülhün bərpasında ciddi məsuliyyət daşıyır.
Bunu Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə dostluq qrupunun üzvü Ramil Həsən III Antalya Diplomatiya Forumunda “Report”un Türkiyə bürosuna açıqlamasında bildirib.
Onun sözlərinə görə, tədbirdə Cənubi Qafqazda sülhün təmini, əmin-amanlığın və sabitliyin bərpası, artıq bitmiş olan Qarabağ münaqişəsindən sonrakı mərhələdə davam edəcək proseslər, Ermənistan – Azərbaycan arasında imzalanması gözlənilən sülh müqaviləsi və bu kimi məsələlər ən önəmli müzakirə predmətlərindən biridir.
“Forumda keçirilən panellərdə həm Hikmət Hacıyev (Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri – red.), həm Ceyhun Bayramov (xarici işlər naziri – red.) da çıxışlarında Ermənistan tərəfi ilə ölkəmizin sülh müqaviləsi imzalamaqda əsas təşəbbüskar ölkə olduqlarını vurğulayıblar. Şübhəsiz ki, Cənubi Qafqaza sülhün gəlməsini ən çox arzu edən tərəflərdən biri də Türkiyədir və problemin diplomatik danışıqlar yolu ilə həllinə çox dəstək verir. Amma regionumuzda sülhün bərpası üçün əsas məsələ Ermənistan tərəfinin öz məsuliyyətini dərk etməsidir. Ölkə rəhbərimizin də qeyd etdiyi kimi, Ermənistan müvafiq qanunlarında düzəlişlər və dəyişikliklər edərək öz iradəsini ortaya qoya biləcəyi təqdirdə, bölgəyə sülh gələcək. Əks təqdirdə, bölgəyə sülh gələcəyi mümkün deyil”, – MM üzvü vurğulayıb.
Deputat iki gün əvvəl Berlində Azərbaycan və Ermənistan XİN başçılarının iki günlük görüşlərində Ermənistan tərəfinin konstruktivlik göstərmədiyinə diqqət çəkərək deyib ki, Ermənistan bu məsələdə daim ziqzaqvari hərəkətlərə yol verdiyi üçün müsbət bir nəticə əldə etməklə bağlı fikir söyləmək çətindir: “Ermənistan tərəfin verdiyi bəyanatlar, atdığı addımlar tamamilə bir-birinə ziddiyyət təşkil etdiyi üçün diplomatik danışıqlar hələ ki nəticəsiz qalır. Birtərəfli sülh də dünyada heç bir ölkəsində mümkün deyil”.
www.yenicag.az