“Deyirdi, sağalım, ayağa duran kimi…” - Ramiz Əzizbəylinin anım günüdür
“Qoy sağalım, ayağa durum, bir film çəkəcəm, o filmdə hər birinizə rol verəcəm…”
Xəstə yatağında belə dostlarını və həyatını fəda etdiyi sənəti düşünürdü. Söhbət mərhum Xalq artisti, rejissor Ramiz Əzizbəylidən gedir. Bu gün onun anım günüdür.
Aktyor ömrünün son günlərində, həyatının ən ağır dönəmlərində yaradıcılıqla təsəlli tapırdı. Sağalıb ayağa qalxacağı, dostlarını başına cəm edib film çəkəcəyi günün həsrəti ilə yaşayırdı. Amma qismət olmadı. Yaradıcılıq enerjisi aşıb-daşsa da, yeni filmlər çəkmək niyyəti ilə yaşasa da, arzularını son mənzilə daşıdı.
Səhhətindəki problemlər onu uzun müddət yatağa məhkum etdi. Uzun sürən xəstəlik onu əldən saldı, bir yandan da koronavirus bəlası onu sevənlərindən əbədi ayırdı. O, 9 iyun 2021-ci il tarixində, 73 yaşında həyatla vidalaşdı.
Son arzusunu isə xəstəxanada qızına söyləmişdi. Ən böyük istəyi yeni kitabını çap etdirmək idi. Çox gözləyirdi o kitabı. Ayağa qalxmaq, sağalmaq istəyirdi, amma arzuları yarımçıq qaldı.
Bu gün isə Ramiz Əzizbəyli yaddaşlarda çəkildiyi obrazları və ekranlaşdırdığı filmlərlə yaşayır. Nə qədər ki, o filmlər var, Ramiz Əzizbəyli də bizimlə olacaq.
Cəvahir













