Ukraynanın paytaxtı Kiyevdə, Beynəlxalq Sərgi Mərkəzində “Eurovision-2017” mahnı müsabiqəsinin birinci yarımfinalında təmsilçilərin çıxışları başa çatıb.
Çıxışlardan sonra 15 dəqiqə ərzində səsvermə keçirilib. Azərbaycanı “Skeletons” mahnısı ilə təmsil edən Diana Hacıyeva mahnı müsabiqəsinin finalına vəsiqə qazanıb.
Diana Hacıyeva “APA Holdinq”in Kiyevə ezam edilmiş əməkdaşı ilə söhbəti zamanı Finalda layiqli yer tutmaq üçün əlimdən gələni əsirgəməyəcəyini qeyd edib.
“Mən ölkəmizi “Eurovision-2017”-də təmsil etməkdən qürur hiss edirəm. Mən finala keçməyimdən çox şadam. Düşünürəm ki, hər şey olacağı kimi baş verib, çünki biz çox məşq etmişik və finala keçməyimizə əmin idik.
Mən komandam ilə finalda layiqli yer tutmaq üçün əlimdən gələni edəcəyəm. Ola bilsin hətta birinci yeri də tutdum. Hazırlaşın hər ehtimal üçün.
Əziz dostlar, gəlin bir-birimizə dəstək olaq. Mən sizi çox sevirəm, dəstəyə görə hamınıza təşəkkür edirəm”, – deyə Diana Hacıyeva bildirib.
Finala daha çox səs toplamış 10 ölkə vəsiqə qazanıb. Bunlar Azərbaycan, Moldova, Yunanıstan, İsveç, Portuqaliya, Polşa, Ermənistan, Avstraliya, Kipr, Belçika və Ermənistandır.
Finala vəsiqə qazanmış 10 ölkənin təmsilçiləri canlı şoudan sonra mətbuat konfransı keçirəcək. Bu mətbuat konfransında püşkatma nəticəsində finala keçən 10 ölkənin mayın 13-də çıxış ardıcıllığı müəyyən olunacaq.
Xatırladaq ki, birinci yarımfinal mərhələsində 18 ölkə finala keçmək uğrunda yarışıb. Diana Hacıyevadan başqa İsveç, Gürcüstan, Avstraliya, Albaniya, Belçika, Yunanıstan, Polşa və başqa ölkələri təmsil edən iştirakçılar çıxış ediblər.
Qeyd edək ki, finala birbaşa vəsiqə qazanan ölkələr – müsabiqənin bu ilki ev sahibi Ukrayna və Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.
İkinci yarımfinal mayın 11-də, müsabiqənin final mərhələsi mayın 13-də keçiriləcək.
www.yenicag.az