Bu dəfə rəhbərlik etdiyi prodakşının işlərindən və yaradıcılıq planlarından danışmadı. Şəxsi həyatı ilə bağlı suallarımızı cavablandırdı. Bu yazını oxuyub biləcəksiniz ki, o necə həyat yoldaşıdır. Xanımına bir dəfə də olsun əl qaldırıb, ya yox?
“SOY” prodakşının rəhbəri Oqtay Əliyevin Yenicag.az-a müsahibəsini təqdim edirik.
– Həyat yoldaşınız Dilarənin yaratdığı obrazları bəyənirsiniz?
– Hər bir filmdən sonra evimizdə müzakirələr başlanır. Məsləhətləşirik. Sözsüz ki, hər şey 100 faiz yüksək səviyyədə ola bilməz.
– Dilarə həyat yoldaşı kimi mükəmməldi, yoxsa aktrisa kimi?
– Hər iki tərəfdən mükəmməldir.
– Heç indiyə qədər Dilarəyə əl qaldırmısız?
– Yox e, həvəsim yoxdur, əl qaldırmağa. Evə çox yorğun gəldiyim üçün heç kimə əl qaldırmağa həvəsim olmur (gülür).
– Dilarə bir dəfə müsahibəsində demişdi ki, evdə son sözü Oqtay deyir. Düzdür?
– Əlbəttə, son sözü evin kişisi deməlidir. Gözləyirəm, gecə hamı yatandan sonra sözümü deyirəm ki, “vsyo” mən deyən olmalıdır. (gülür)
– Heç hansısa obraza görə ona qadağa qoymusunuz?
– Yox e yox. Uşaq vaxtından teatrda bir yerdə böyümüşük və bilirəm ki, belə qısqanclıqların yeri yoxdur.
– Evdə büdcəyə kim nəzarət edir: Dilarə yoxsa siz?
– Bizdə büdcə eynidir və bank işçilərindən biri də Dilarədir.
– İcazəsiz pul xərcləyəndə cəzadlandırılır?
– O pulu ümumi olaraq hər birimiz xərcləyirik. Kimə pul lazımdırsa, götürüb xərcləyir. Bizdə demokratiyadır.
– Əlinizi masaya çırpıb, “mən deyən olmalıdır”, dediyiniz vaxtlar olur?
– Evdəkilər elə şərait yaratmırlar ki, əlimi masaya çırpım. İşlərini elə qururlar ki, “qışqır-bağıra” imkan qalmır.
– Qızınız ailə qurarkən seçiminə müdaxilə edəcəksiniz?
– Qızım artıq Bakı Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirib, dövlət qulluğunda çalışır. Əlbəttə bunu zaman göstərəcək. Görsəm ki, düzgün qərar qəbul etməyib, sözsüz ki, müdaxilə edəcəm.
– Nə əcəb qızınız da anasının, baba və nənəsinin yolunu davam etdirib, aktrisa olmadı?
– Özü belə istədi və biz də belə arzuladıq ki, ailədə heç olmasa bir nəfər tamaşaçı olsun. Qoy o bizə kənardan tamaşa etsin.
– Tamaşaçı kimi Dilarənin çəkildiyi filmləri, yaxud da sizin işlərinizi bəyənirmi?
– Ən sərt xüsusiyyətiniz hansıdır?
– Yalanı sevmirəm. Məni aldatmağı kiməsə bağışlamıram.
– Dostluqda münasibətə nöqtə qoymağı bacarırsınız?
– Yox, dostluqda bu addımı atmaq çox çətindir. Əgər hansısa adamla 1988-ci ildən bəri dostluq edirəmsə, bu münasibətə necə nöqtə qoya bilərəm? Amma başqa münasibətlərdə çox asanlıqla nöqtə qoyuram.
– Ürəyinizdə özünüzə “əhsən sənə, Oqtay” dediyiniz vaxtlar tez-tez olur?
– Yox, elə olanda adam başını itirə bilər. İnsan özünü həmişə tənqid etməlidir ki, bax, bunu düzgün etmədin.
– Ən çox nəyə pul xərcləyirsiniz?
– Nə bilim vallah. Yadıma sala bilmirəm.
– Bəlkə gözəl qadınlara?
– Yox, qadınlara ayıracaq nə vaxtım var, nə də həvəsim.
– Gənc aktrisalardan biri bizə müsahibəsində demişdi ki, aktrisaların çoxu filmə çəkilmək üçün rejissorlara pul ödəyir.
– Onu rejissorlar bilər. Mən rejissor deyiləm.
– Niyə ki, layihə rəhbərisiniz. “SOY” prodakşının çəkdiyi o qədər filmlər var ki…
– Yox, hələ bizim qapımızı gözəl qadınlar döyməyib.
Cəvahir
www.yenicag.az