Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi ilə “Azerçay” kənd uşaqlarının təhsili üçün səfərbər olub və maarifçilik üçün birgə yol alıb. İctimai birlik “Azerçay”ın baş sponsorluğu ilə “Təhsil evdən başlayır” layihəsinin icrasına başlayıb.
Yenicag.az xəbər verir ki, layihə çərçivəsində Astaranın Diqo kəndində tədbir həyata keçirilib. Bu, Diqo kəndinin tarixində bir ilk olub. Azərbaycan Himninin səsləndirilməsi ilə başlayan tədbirdə valideynlərin maarifləndirilməsi məqsədilə təlim proqramı, uşaqların əylənməsi üçün şou-proqram baş tutub.
Tədbir zamanı “Təhsilə dəstək, həyata dəstəkdir” sloqanı ilə uşaqların sağlam qidalanması və sağlam düşünməsini, təhsilin rolunu, bu prosesdə valideynlərin dəstəyinin önəmini vurğulayan çıxışlar edilib, viktorina və oyunlar keçirilib. Böyük coşqu və sevinc hisslərinin müşayiət etdiyi tədbirdə iştirak edən ucqar kənd sakinlərinə “Azerçay” markasına məxsus məhsullarla yanaşı, uşaqlara məktəbli çantası, “Çinar Yayımları”nın məktəb ləvazimatları, “Ecojoys”un məntiq və zəka oyuncaqları, “ETİ”nin şirniyyat paketləri, “JBA Group”un hədiyyələri təqdim olunub.
Qeyd edək ki, “Təhsil evdən başlayır” layihəsi erkən uşaq inkişaf dövrünün önəminə diqqət çəkərək, məktəbəqədər təhsildən faydalana bilməyən uşaqlara çatmağı və onlar üçün evlərində keyfiyyətli məktəbəqədər təhsil şəraitini təmin etməyi hədəfləyib. Layihə, həmçinin, analara uşağın inkişafı və təhsili ilə bağlı məlumat və dəstək vermək, uşaqla anası arasında əlaqəni gücləndirmək məqsədi daşıyır. İctimai Birliyin “Azerçay” və digər tərəfdaşlarla əməkdaşlığı ölkəmizdə korporativ sosial məsuliyyət, eləcə də vətəndaş cəmiyyəti institutu və özəl sektorun iş birliyi üçün gözəl nümunə olub. İnanırıq ki, ölkəmizin gələcəyi olan övladlarımız üçün bərabər şəraitdə həyata başlamaq onların uğurlu inkişafında ilk addım olacaq.
www.yenicag.az