Ələkbərli Miran Qamət oğlu – Bu ad sizə bir şey deyir? Xatırladınız bu adı? Yox? Gəlin xatırlayaq.
Ötən ilin 14 dekabrında Dövlət Sərhəd Xidməti məlumat yayaraq Sərhəd Qoşunlarının “Qubadlı” Əlahiddə Sərhəd Diviziyasının müddətli həqiqi hərbi xidmət qulluqçusu əsgər Ələkbərli Miran Qamət oğlunun xidmətdən qayıtdıqdan sonra qəfil halının pisləşdiyi, xəstəxanaya çatdırılsa da, həyatının xilas edilə bilmədiyi xəbərini paylaşdı. Bəli, 2004-cü ildə doğulmuş 18 yaşlı Miran ürəktutmadan vəfat etmişdi.
Gələk əsas məsələyə. Hərbidə olan çatışmazlıqlar barədə dəfələrlə yazılıb, ictimailəşdirilib, sərt tənqidlər səsləndirilib. Bunlar əsasında ordu daxilində bir sıra islahatlar aparılıb ki, nəticələrini də, yəqin ki, görəcəyik. Ancaq “hərbi” dedikdə ağlımıza yalnız Müdafiə Nazirliyi, Hərbi Prokurorluq gəlməməlidir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) də bu sistemin bir parçası, hətta deyərdim, ən önəmli qoludur. Bəs buradakı vəziyyət nə yerdədir?
Bu sualın cavabını, çox güman, bütün həmcinslərim bilirlər. Ümumi mənzərə bundan ibarətdir ki, Dövlət Xidmətində, xüsusilə rayon şöbələrində çalışanların çağırışçılarla davranışı ürəkaçan deyil. “Ürəkaçan”ı başa düşdünüz.
İş təkcə Dövlət Xidməti ilə də bitmir. Tibbi yoxlanış zamanı da, demək olar, dərinləməsinə müayinə aparılmır, ötəri yanaşılır ki, bu da sonradan ciddi sağlamlıq problemlərinə yol açır.
Heç unutmuram, ilk dəfə yoxlanışa getdiyim zaman həkim üzümə baxıb heç bir şey soruşmadan “yararlı” yazmışdı. Sonuncu dəfə isə tibbi müayinə zamanı qeyd etdiyim mənzərə ilə rastlaşmışdım.
Bunları elə-belə yazmadım. Sözümü 18 yaşlı hərbçinin ürəktutmadan vəfat etməsinə gətirirəm. Yaxşı, qəbul edirəm, ürəktutma birdən-birə baş verir, hər kəsin başına gələ bilər-filan, ancaq ciddi yoxlanışdan keçən və hərbi xidmətə yola salınan gəncin müayinələrində necə olur ki, ürəklə bağlı poblemləri aşkarlanmayıb? Sual açıq olaraq qalır.
Bax elə bütün bunlara görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, rayon şöbələrində, xüsusilə rayon şöbələrində (!) ciddi yoxlanışlar aparılmalı, işinə məsuliyyətsiz yanaşanlar cəzalandırılmalıdırlar. Sistem belə işləyir, birini “üçhərflilər” ilə tanış etməsən, digəri ağıllanan deyil.
Qeyd: Ümid edirəm, hər kəs məktəbdə tualet yoxluğuna verdiyi reaksiyanın ən azı yarısı qədər əsgər ölümlərinə də verər.