Dövriyyəsi 10 min dolları ötənlərin nəzərinə
Azərbaycanda elektron ticarət həyata keçirən qeyri-rezidentlərin vergi uçotuna alınmasına dair meyarlar müəyyənləşir.
Yenicag.az xəbər verir ki, bu, Vergi Məcəlləsində, “Banklar haqqında” və “Gömrük tarifi haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Belə ki, vergi orqanlarında uçotda olmayan şəxslərə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsindən gəlir əldə edən internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentlər alıcısı Azərbaycanda olan iş və xidmətlərin təqdim edilməsindən dövriyyəsi təqvim ili ərzində 10 min dolların manat ekvivalentini keçdikdən sonra 30 gün müddətində elektron qaydada vergi uçotuna alınacaq. Bu maddədə qeyd olunan dövriyyəsi 10 min dollar dollarının manat ekvivalentindən aşağı olan qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması könüllü olaraq həyata keçiriləcək.
Bundan başqa, məsləhət, hüquq, maliyyə, mühasibat, dizayn və mühəndis xidmətlərinin elektron poçt və digər interaktiv ünsiyyət vasitələri ilə göstərilməsi, internet vasitəsilə real vaxt rejimində göstərilən tədris və təlim xidmətləri, habelə elm, təhsil, mədəniyyət, idman və əyləncə tədbirləri üçün biletlərin onlayn sifariş edilməsi xidmətləri bu maddənin məqsədləri üçün elektron ticarət qaydasında təqdim edilən xidmətlərə aid edilmir.
Vergi orqanlarında uçotda olmayan şəxslərə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsindən gəlir əldə edən internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin (bu Məcəllənin 19-cu maddəsində nəzərdə tutulan daimi nümayəndəliklər istisna olmaqla) elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicisi kimi qeydiyyata alınması, ƏDV bəyannaməsinin təqdim edilməsi və ƏDV-nin ödənilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.












