Əfsanədən QINAQ ATƏŞİ: “Yediyini-içdiyini göstərmək görməmişlikdir”
“Nə yeyir, nə içir, nə geyinir, hara gedir, haradan gəlir, kiminlə oturub-durur, kiminlə sevgilidir, evi, ailəsi, uşaqları-hamısı göz önündədir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış model və aktrisa Əfsanə Qasımova deyib.
O, sosial şəbəkələrdə özəl həyatını bütünlüklə göz önünə gətirməyi görməmişlik kimi dəyərləndirib:
“Təəssüflər olsun ki, bu gün əksər insanlar göstəriş üçün yaşayır. Mənə elə gəlir ki, bu da bir kompleksdir. Adam var istirahətə gedir, təyyarədən düşməmiş başlayır şəkillər paylaşmağa. Şəkil çəkdirib, kimlərəsə acıq vermək üçün tətilə yollanlar var. Toya, məclisə, ad gününə gedir, restoranda yediyini-içdiyini dərhal çəkib paylaşır. Artıq həmin insanın həyat tərzini hər kəs bilir. Adam nə yeyir, nə içir, nə geyinir, hara gedir, haradan gəlir, kiminlə oturub-durur, kiminlə sevgilidir, evi, ailəsi, uşaqları-hamısı göz önündədir.
Yataq otağında, hamamda belə canlı yayım açaraq görüntülərini paylaşan insanlar var. Avtomobili yoxdur, amma kirayəyə bahalı maşın götürüb sürür və həmin şəkillərini “bu da yeni avtomobilim” şərhi ilə paylaşır. Mənim aləmimdə bu, göstəriş və görməmişlikdən başqa heç nə deyil. Yediyini-içdiyini paylaşmaq nə deməkdir. Olanı var, olmayanı var. Təəssüflər olsun ki, sosial şəbəkələr insanların iç dünyasını açır və simasını üzə çıxarır. Sosial şəbəkədəki paylaşımlarına baxıb həmin insanın hansı intellekt sahibi olmasını aydın şəkildə görmək olar.
Əlbəttə şəkil də paylaşmaq olar, hər hansı bir təəssüratını, uğurunu da… Bu, normal bir haldır. Amma özəl həyatını bu qədər çılpaqlıqla nümayiş etdirmək insanın psixoloji durumunda yaşadığı problemlərdən xəbər verir”.
Cəvahir