Əliağa Hüseynov: “Mənim oğlum əsgər getməli, sənin oğlun kef çəkməlidir?”

media-hightechnic-468x90
Keçmiş hərbi komissar Əliağa Hüseynov: “Bütün məmurlar bilirdi ki, onların oğlanları hərbi xidmətdə olmasa, bu məsələyə prezidentimiz pis  baxır”
Müdafiə naziri Zakir Həsənovun əmri ilə sağlamlığında problemlər aşkarlanan 157 hərbi çağırışçının geri qaytarılması son günlərin ciddi müzakirə mövzularındandır. Bir sıra ekspertlər sağlıq problemləri olan gənclərin hərbi xidmətə çağırılmasını həm onların həyatı üçün ciddi təhlükə hesab edir, həm də bunu Azərbaycanın milli təhlükəsizliyinə təhdid sayırlar. Məsələyə fərqli prizmadan yanaşanlar da var. Elə bizim budəfəki müsahibimizin də arqumentləri kifayət qədər fərqlidir. Mövzunun aktuallığını nəzərə alıb 1998-2009-cu illərdə Azərbaycan Respublikasının Hərbi Komissarı olan, hazırda isə Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü kimi fəaliyyət göstərən deputat Əliağa Hüseynovla söhbətləşdik.
– 157 hərbi çağırışçıda müxtəlif xəstəliklərin aşkarlanması və onların geri çağırılması faktını bir peşəkar kimi necə dəyərləndirirsiniz? 
– Bu, olan hadisədir. Həqiqi hərbi xidmətə çağırış hər kvartalın 1-dən başlayır və bir ay davam edir. Yəni ildə dörd dəfə: yanvar, aprel, iyul və oktyabrda. Bu uşaqlar bu müddətdə, üç ay ərzində rayon çağırış komissiyalarından keçirilir və bunlara göndəriş vərəqəsi verilir. Yəni filan tarixdə gəlib orduya gedirsən. Hərbi xidmətə gedən günü bunlar tibbi komissiyadan keçmirlər. Keçmişdə Müdafiə Nazirliyinin nəzdində tibbi çağırışçılar üçün həmişə tibbi qəbul komissiyası olub. Bu, mənim də vaxtımda var idi. Bunlar tibbi komissiyadan xüsusi məqsədlə keçirilirdilər. Yəni bu uşaqlar ki, bir neçə ay əvvəl komissiyadan keçmişdilər, onların sonradan hansınınsa qolu sına bilər, yaxud cavan uşaqlardır, başları açıq gəzirlər, özlərini soyuğa verirlər. Axı bu adam iki ay öncə komissiyanı keçib. Yəni yanvarda əsgər gedəcəksə, artıq gənc noyabr-dekabrda komissiyadan keçib, sənədini alıb. İnsan beş gün ərzində də yoluxucu xəstəliyə tutula, əsəb də keçirə, yaxud başqa şeylər də ola bilər. Ona görə də xahiş edirəm, qoy bu məsələyə heç vaxt hansısa rəng verilməsin. SSRİ vaxtında da çağırışçıların geri qaytarılması halları olurdu. Mən işlədiyim vaxtda, Azərbaycanın müstəqillik qazanmasından sonrakı illərdə də belə faktlar olurdu, indi də davam edir. Əlbəttə ki, biz bu barədə nə səhiyyəni günahlandıra bilərik, nə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti. Çünki bu, olan işdir.
– Elə isə siz xəstə çağırışçıların orduya aparılmasının qarşısını almaq üçün nə təklif edirsiniz? Yəni çağırışçı hərbi xidmətə yola salınanda da tibbi yoxlanışdan keçməlidir?
– Komissiya tək Müdafiə Nazirliyində deyil ki… Daxili İşlər Nazirliyində də qəbul komissiyası var. Mənim də vaxtımda qaytarırdılar, biz onları təkrar müayinəyə göndərirdik. Nə qədər ki, gənclər öz haqlarında fikirləşməyəcəklər, öz sağlamlıqlarını qorumayacaqlar, bu hadisələr həmişə olacaq. Çağırış komissiyası hər dəfə çağırışçıları yoxlanışdan keçirə bilməz ki. Ona görə də hərbi hissəyə gəlib çatandan sonra gəncləri sağlamlığına görə hansı hissəyə göndərməyi müəyyən edirlər. Yəni onlara hansı sahəni tapşırsınlar, qərargahdamı oturub işləsin, ön xəttə getsin, ya Daxili Qoşunlardadırsa, patrulmu olsun, bunu müəyyənləşdirirlər. Ona görə də bu sistem necə var, elə də qalmalıdır, buna yeni bir əlavə edilməsinə ehtiyac yoxdur.
 
– Onda belə çıxır ki, siz çağırışçıların hərbi xidmətə gedərkən öz hesabına müayinə olunmasının tərəfdarısınız?

“Mənim vaxtımda 500 nəfər hərbi çağırışçını birdən geri qaytarırdılar”

– Yox. Hansı hərbi hissəyə, Müdafiə Nazirliyinə və ya digər qoşun birləşmələrinə gedirsə, oradakı komissiyalar tərəfindən qəbul olunurlar. Hansısa problem də ortaya çıxanda təkrar çağırış komissiyasına qaytarırlar ki, xahiş edirik bunları müalicə edin, gələn çağırışda göndərin.
– Bəzi ekspertlər hesab edir ki, hərbi hissədən geri qaytarılan gənclər başqa qoşun növlərinə göndərilə bilər…
– Göndərilə bilməz. Bu, mümkün deyil. Əgər onları geri qaytarıblarsa, bu hal ola bilməz. Vərəmə, yaxud cürbəcür başqa xəstəliyə yoluxanlar ola bilər. Deyək ki, çağırışçı salamatdır, ancaq elə insanlara qoşulur ki, bir ayın içərisində dönür olur narkoman. Buna çağırış komissiyası neyləsin, ya Müdafiə Nazirliyi onu necə qəbul etsin? Bu mənada mən günahı valideynlərlə çağırışçıların üstünə qoyuram.
 
– Bəzən bu kimi faktları əsas gətirib Müdafiə Nazirliyi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti arasında problemlərin olduğu barədə də iddialar irəli sürənlər olur. Bu, nə dərəcədə ciddi ittihamdır?
– Heç bir problem yoxdur. İkisi də cavan oğlanlardır, bir yerdə işləyib böyüyən, bir-birini istəyən adamlardır. Sizin inandırıram ki, bizim ordumuzu sevməyən adamlar belə şeylər danışır. Mən onların ikisini də tanıyıram, hər ikisi ilə qardaş kimiyəm, hər ikisinin biliyinə, bacarığına da böyük hörmətim var. Mənim vaxtımda 500 nəfər hərbi çağırışçını birdən geri qaytarırdılar. Biz onları təkrar müayinə edirdik və görürdük ki, Müdafiə Nazirliyi onları düz edib qaytarıb. Gənc oğlandır, gedir əsgərliyə, darıxır, yemir-içmir, bir müddət keçənə, yeməyə öyrəşənə qədər görürsən ki, problemlər yaranır. Yaxud gənc oğlan saçını vurdurur, çıxır sərt havaya, sonra deyirlər meningit oldu. Meningit bir-iki günə ola bilməz. Cavan uşaqdır, gedir başıaçıq gəzib-dolanır, sonra da deyir başım ağrıyır. Bu adam orduda da meningit ola bilər.
– Geri qaytarılan çağırışçıların içərisində vərəm daşıyıcıları da olub. Onların digər çağırışçıları yoluxdurma riski nə qədərdir, buna görə narahat deyilsiniz ki?
– Yox. Bunlar bir qazanda yemək yemir ki. Bu gün Müdafiə Nazirliyində də, başqa qurumlarda da o qədər müasir mətbəx ləvazimatlarımız var ki, qab-qaşığın yuyulması da xüsusi qaydada aparılır. Özü də ön xətdə deyillər ki, bu sahədə çətinliklər olsun. Bunlar əvvəl gəlirlər qərargaha, hansı ki, arxa cəbhədədirlər. Ondan sonra bunlar ora-bura gedirlər, qarışırlar. Bu isə bir, ya beş günün işi deyil. Gənc evdə yaşayanda məgər ailə üzvlərinin hamısını yoluxdururmu?
– Bəzən hesab olunur ki, xəstə, fiziki cəhətdən qüsurlu gənclər əslində məmur balalarını, varlıların uşaqlarını, ordudan yayındırılan digər şəxsləri əvəz edir. Siz məmurları, deputatları, bir sıra imkanlı adamları daha yaxşı tanıyırsınız. Bu mənada deyilənləri bölüşürsünüzmü? 
– Mən sizi inandırıram ki, mənim də vaxtımda, ondan sonra da bütün məmurlar bilirdi ki, onların oğlanları hərbi xidmətdə olmasa, bu məsələyə hörmətli prezidentimiz pis baxır. Ona görə də kim o sözü deyirsə, öz payına deyir. Hansını istəyirsiniz, qaldırın sənədini, görün xidmət edib, etməyib. Sizi inandırıram, bu, qurama söhbətlərdir. Əvvəllər belə söhbət ortaya atdılar ki, gəlin hərbi xidməti pullu edək, kimin pulu varsa, versin, getməsin, Gürcüstandakı kimi. Biz torpaqlarımızın azad olunması uğrunda müharibə aparan bir dövlətik. Sağ-solumuz, hər tərəfimiz düşməndir. Pullu xidmət bizim haramıza yaraşır? Gah dedilər ki, şəhər uşaqları əsgər getməsin. Gənc gedib ata-anasının qanını almalıdır, necə yəni getməsin? Yaxud evin bir uşağı əsgər getməsin. Necə yəni getməsin? Belə çıxır ki, hamı oğlunu evləndirəcək ki, evin tək oğludur. Mənim oğlum əsgər getməlidir, sənin oğlun evlənib evdə kef eləməlidir?
– Sizin oğlunuz hərbi xidmətdə olubmu? 
– Mənim oğlum 5 il hərbi kursant kimi oxuyub, polkovnik-leytenantdır. Hazırda ordudan tərxis olunub. Türkiyədə hüquq üzrə Hərbi Akademiyanı oxudu, sonra tribunala keçmişdi. Daha sonra tribunal dağıldı və oğlum da tərxis olundu.
 
– Ordudakı intihar hallarının əsas səbəbi, sizcə, nədir?
– Bunların çoxu ailədən gəlir. Səbəb ailədəki çətinliklərdir. Kiminsə sevgilisi var, qalıb orda, yaxud kimsə evlənmək arzusunda idi, gəlib düşüb bura. Vallah, mənim, ya sənin bu məsələlərə müdaxilə etməyimiz düzgün deyil. Çünki belə hadisələr hamımızın ailəsində ola, hamımızın başına gələ bilər. Bunların hamısını aparıb orduya şamil eləmək lazım deyil. Deməli, bunu ailədə yaxşı hazırlamayıblar. Hər şey ailədən gəlir. “5″ qiymətlə oxuyur, ancaq orduya gedir, ayrı məsələ ortaya çıxır. Yaxud orduda 1 il ərzində biz bunu tərbiyələndirməli, ağıllandırmalıyıq? Bu mümkün deyil axı, qardaşım.
– Siz şəxsi heyətin sayının azaldılması hesabına peşəkar ordunun yaradılması
təşəbbüslərinə necə baxırsınız? 
– Bu məsələlərlə bağlı vaxtında addım atılsa, yaxşı olar. Ancaq gələcəyin işidir. Çünki bu gün onsuz da ordumuzun yarısı peşəkardır, yaxşı zabitlərimiz, xidmətdən artıq qulluq edənlərimiz var. Amma çağırışı saxlamaq ki, çağırış olmasın, mən bunu qəbul edə bilmərəm. Çünki vətənpərvərlik ordudan başlayır, hamı bu mərhələni keçməlidir. Hər bir vətəndaş dövlətinin başqa ölkənin ordusuna yem olmasını istəmirsə, öz ordusunun güclü olmasına çalışmalı, hər şeyə hazır olmalıdır. Mən də inanıram ki, hörmətli prezidentimizin rəhbərliyi altında bugünkü müdafiə naziri və müvafiq qurumlar hamısı güclü ordumuzun olmasını istəyir, bu istiqamətdə çalışırlar. Bu gün biz nə pulumuz, nə varımız, nə namusumuz, nə də gücümüzlə aciz ölkə deyilik.musavat.com
media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600