Elmar Məmmədyarov nazir müavini ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Əlcəzairdə keçirilən XVII nazirlər konfransı çərçivəsində Kolumbiyanın xarici işlər nazirinin müavini Patti Lonodono ilə görüşüb.
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüş əsnasında nazir Elmar Məmmədyarov iki ölkə arasında siyasi əlaqələrin mövcud inkişaf səviyyəsindən məmnunluğunu ifadə edərək, iqtisadiyyat, ticarət, sərmayələr, enerji və humanitar sahələrdə də iki ölkə arasında əməkdaşlıq üçün əlverişli imkanların olduğunu bildirib.
Nazir Elmar Məmmədyarov kolumbiyalı mütəxəssislər tərəfindən Azərbaycanda təşkil olunan ispan dili kurslarının əhəmiyyətini diqqətə çatdırıb.
Xanım Patti Londono ölkəsinin Azərbaycanı regionun lider dövləti kimi qəbul etdiyini və Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini vurğulayıb.
Görüş əsnasında iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin mexanizminin inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.