“Azərbaycanda elmi-texniki tərəqqinin nailiyyətlərinə söykənən iqtisadi model qurulmalıdır”.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Yenicag.az-a müsahibəsində ABŞ-Çin ticarət savaşının, o cümlədən, dünya neft bazarında müşahidə olunan mövcud tendensiyanın Azərbaycana mümkün təsirini dəyərləndirib.
– Dünya bazarında neftin ucuzlaşması müşahidə olunur. Bu ucuzlaşmaya təsir edən əsas səbəb kimi ABŞ-Çin iqtisadi gərginliyi göstərilir. Neftin qiymətinə təsir edən başqa amillər də varmı?
– Hələlik neft bazarında kəskin ucuzlaşma müşahidə olunmasa da, buna doğru meyllər var. O meyllər əsasən, Çin-ABŞ iqtisadi gərginliyi ilə əlaqədardır. Bu gərginlik bütövlükdə dünya iqtisadiyyatının geriləməsinə səbəb ola biləcək bir durumdur. Digər tərəfdən, ABŞ-da neft hasilatı getdikcə artır. OPEC+ razılaşması fonunda neft hasilatı ilə bağlı məhdudiyyətlər mövcuddur. ABŞ-da hasilat artımı, təklifin neftə olan tələbatı üstələməsinə yol açır. Bu tələbat isə ABŞ-Çin qarşıdurmasına görə azalır. Bütövlükdə dünya iqtisadiyyatında baş verən texnoloji proseslər və yeniliklər nəticəsində neftə olan tələbat getdikcə azalacaq.
– Analitiklərə görə, ABŞ-ın Çinlə başladığı ticarət savaşının getdikcə kəskinləşməsi “Asiya nəhəngi”ndə iqtisadi azalmanın sürətlənməsinə səbəb olacaq. Neftin dünya bazarında qiymətinin son 8 ayda ən aşağı səviyyəyə düşməsi də buna bariz nümunədir. Bu baxımdan, dünyanın yeni qlobal iqtisadi böhran ərəfəsində olduğunu söyləmək olarmı?
– Tramp adminstrasiyası Çini çökdürməyə çalışır. Çində iqtisadi geriləmələr olsa da, ABŞ-dakı zəifləmələr daha çox olacaq. Bu isə bütövlükdə dünya iqtisadiyyatında geriləmənin miqyasını böyüdəcək. Çinin bu gün təqdim etdiyi model uğur modelidir. Bu baxımdan, ABŞ hansısa inzibati üsullarla Çinin iqtisadi inkişafının qarşısını ala bilməyəcək. ABŞ-ın tətbiq etdiyi sərt siyasət məhz özünə və bütövlükdə dünya iqtisadiyyatına ciddi şəkildə mənfi təsir edir. ABŞ-da iqtisadi idarəetmə üsulu artıq özünü doğrultmur. Çin modeli isə milli rifahın artımına köklənir. ABŞ modeli özlüyündə pulun daha çox maliyyə sektorunda cəmləşməsinə, maliyyə oliqarxiyasının daha da zənginləşməsinə, pul-maliyyə seqmentinin real sektorla əlaqəsinin itməsinə və varlıların daha da zənginləşməsinə xidmət edir. Bu model artıq öz dayanıqlığını itirib.
– Dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması baş verərsə, Azərbaycana daxil olan valyutanın həcmi azala bilərmi?
– İqtisadi yeniliklər fonunda neftin ucuzlaşması daha da sürətlənə bilər. Bu gedişat Azərbaycana valyuta daxilolmalarına mənfi təsir göstərəcək. Neftin qiyməti təqribən 40 dollara qədər ucuzlaşarsa, ölkə iqtisadiyyatı müəyyən problemlərlə üzləşə bilər. Çünki Neft Fondunun büdcəsində belə valyuta daxilolmaları xərcləmələri üstələyir. Xarici ticarət və tədiyyə balansında da valyuta daxilomaları xaricolmalardan xeyli üstündür. Neft qiymətləri davamlı şəkildə ucuzlaşarsa, Azərbaycanın valyuta daxilolmaları azalacaq. Çünki ixrac baxımından Azərbaycanın yaxın illər üçün nefti əvəz edə biləcək alternativ məhsulu yoxdur.
– Neftin qiymətində azalmalar davam edərsə, Azərbaycanda dollara tələbat hansı səviyyəyə qədər yüksələ bilər və bu fonda manatın məzənnəsində dəyişiklik gözlənilirmi?
– Əslində, neftin qiyməti azalanda, dollara tələbat artmır. Çünki Azərbaycan iqtisadiyyatı neft ixracına çox bağlıdır. Eyni zamanda, hazırkı vəziyyətdə Mərkəzi Bank pul kütləsini çox sıxıb. Bu baxımdan, ölkədə dollara tələbat yüksək deyil. Lakin buna baxmayaraq, manatı daha da sıxmaq məqsədəuyğun olmaz. Çünki manat kütləsinin azaldılması iqtisadi inkişafın qarşısını alır. Əksinə, düzgün idarəetmə üsulu ilə manat kütləsini artırmaq lazımdır ki, valyuta bazarında dollar alışına yol açılmasın. Neft qiymətində azalmaların davam etməsi isə devalvasiyaya səbəb ola bilər.
– Bəs üçüncü devalvasiyanın baş verməməsi üçün hansı addım atılmalıdır?
– Mərkəzi Bank adekvat pul-kredit siyasəti həyata keçirərsə, yaxınmüddətli perspektivdə Azərbaycan manatı üçün ciddi təhlükə olmayacaq. Çünki valyuta ehtiyatımız çox böyükdür. Rəsmi rəqəmlərə görə, ölkədə mövcud olan pul bazası valyuta ehtiyatlarını beş dəfə üstələyir. Mərkəzi Bankın pul-kredit siyasətində səhvlərə yol verməsi və ölkədən çıxan valyuta axınının qarşısının alınmaması fonunda manat üçün təhlükə yarana bilər. Ölkədə baş verən iki devalvasiyanın səbəblərindən biri də elə bu idi. Son illər valyuta məzənnəsinin dayanıqlığı müəyyən mənada təmin olunub. Bununla yanaşı, qeyri-neft sektorunun inkişaf etdirilməsi vacibdir. Əks halda, milli iqtisadiyyatımız gec və ya tez üçüncü devalvasiyaya məruz qalacaq.
– Gəlirlərinin yüksək faizini neft-qaz satışından əldə edən Azərbaycan həm ABŞ-Çin ticarət savaşı, həm də qlobal böhran gözləntiləri fonunda makroiqtisadi sabitliyi saxlamaq üçün hansı qabaqlayıcı tədbirlər görə bilər?
– Azərbaycanda elmi-texniki tərəqqinin nailiyyətlərinə söykənən iqtisadi model qurulmalıdır. Həmçinin, innovasiya tutumlu iqtisadi idarəetmə prinsipləri daha qabarıq şəkildə olmalıdır. İstehsalda xammal hasilatı kimi məhsulların daxili və xarici bazarlara çıxarılmasının xüsusi çəkisi ciddi şəkildə azaldılmalıdır. İxracatda yüksək əlavə dəyər yarada biləcək innovativ tutumlu məhsullar üstünlük təşkil etməlidir. Kənd təsərrüfatı sahəsində də xammal deyil, biotexnologiya ilə zəngin olan məhsulların istehsalına nail olmaq lazımdır.
Ayan Ağayeva
www.yenicag.az