!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elşən Musayevdən ilginc seçki açıqlaması

!Reklam – Yazi

скачанные файлы (1)Hər seçki öncəsi siyasi aktivistlərin timsalında fərqli “hava” rakursu izləyirəm. Biri yuxusunda nəsə görüb namizəd olmaq istəyir, digəri sabah erkəndən cüt asqırdığı üçün gedib sənədlərini DSK – ya təqdim edir, başqa biri də proses boyunca imkanlı şəxslərin, biznesmenlərin “dairə”sini güdür ki, ara qarışıb məshəb itsə 3 – 5 manat qabaq düşsün.

Ciddən seçilmək istəyən isə azdır. Niyəsə. Bilmirəm səbəbini. Amma həqiqətən də Parlament əksəriyyət üçün sadəcə niyyətdir, hədəf deyil. Hamı kimisə güdür, gözləyir. Bəzən hətta nazlanır, xumarlanır.

İndi də bütün diqqətlər yönəlib YAP – ın siyahısına. Oysa, o siyahı mənə maraqlı olsun, bunun müxalifətə nə dəxli? Hakim Partiyanın gücünü etiraf edən, danmayan mən gözləyim ki, görək dairəmdə əsas rəqib kim olacaq, bunun müxalifətə nə istisi – soyuğu? Axı bildiyim qədər onların nəzərincə iqtidarın ən güclü fiquru belə qarşılarında duruş gətirə bilməz, əzilər, uduzar, yenilər. Deyilmi?! O zaman biz sakit ikən qarşı tərəf niyə siyahı intizarındadır?! Biz səbrli ikən onlar niyə əndişəlidir?!

Demək ki, siyasi sistemdə artıq yeni bir oturuşma, eyni zamanda güc faktoru ilə hesablaşma mədəniyyəti formalaşır. Və bu əslində son dərəcə təqdirəlayiq haldır. Ən azından hətərəm – pətərəm mövqelərin, bəsit ambisiyaların real mənzərəyə uyğun təmərküzləşməsi baxımından…

***

İqtidarı isə indi çox güman nə siyahı narahat edir, nə də müxalifət. Belə vəziyyətlərdə təhlükə anlayışı öz qayəsini adətən sərhəd kənarından stimullaşdırır. Fəqət, tam da abstrakt bir mexanizmlə + çox fərqli siyasi kombinasiyalardan keçən proseslərin fonunda.

Rusiya və Qərbin Azərbaycan üzərindəki geosiyasi marağı aydındır. Bunu indiki məqamda təftiş belə etməyə dəyməz. Hər halda Rusiyanın MSK nümayəndələrinin Azərbaycandakı seçkiyə ezamı ilə bağlı qərardan 30 dəqiqə ötməmiş ATƏT – in 380 nəfərlik müşahidəçi anonsu, Lavrovun Bakı səfərindən yarımca gün keçməmiş Qərbin nəzarətində olan Beynəlxalq Təşkilatların hələ baş tutmayan seçkini hədəfə alması sıradan və təsadüfi bir məqam deyil. Ən maraqlısı isə budur ki, onların bu bəhsi ölkəmizlə deyil, bir – biri ilədir. Yəni öz aləmlərində başımız üzərindən beynəlxalq siyasətin məşhur “kabus nəzarəti” funksiyasını icra edirlər. Lap dəqiqi isə: Azərbaycanı itirmək qorxusu Azərbaycanı qazanmaq istəyinə yenilib.

Putinin kvota məsələsi də inandırıcı deyil. Heç buna ehtiyac da yoxdur. Zatən siyasətə heç dəxli olmayan, yalvarsan belə eyni adlı proseslərə qoşulmayacaq birilərindən ibarət + məcburi diktə ilə yaradılan “Milyarderlər İttifaqı” 2013 – cü ildə göz görəsi bir şəkildə fiaskoya uğradı. Və indiyə qədər insanların çoxuna məlum deyil ki, bu İttifaq əslində “Milli Şura”nın əsas maliyyə bazası olacaqdı. İbrahimbəyov isə gedişatda keçici fiqur olaraq öz üzərinə götürdüyü missiyanı (estafeti) ən son anda gerçək “namizəd”ə ötürəcəkdi. O namizəd ki, Azərbaycanda uzun illər yüksək vəzifə tutub və iqtidar tam haqlı olaraq bu gün onun üzünə bütün qapıları bağlayıb.

Amma nəticəyə varılmadı. Çünki “Kerri planı” kimi Putinin də planı ifşa olunmuşdu. Ayrıca, “gözə görünməz” namizəd haqda ifşaedici faktlar, kompromatlar da yetərincə idi. Adamı 7 saniyəlik video ilə bitirmək olardı. Əsas da kriminal keçmişinə xitabən.

Odur ki, Putin hal – hazırda Azərbaycanı dəstəkləməyi, onunla dost olmağı daha məqbul sayır. Amma bir şərtlə ki, Qərbin bölgədə söz haqqı müsbət dinamika üzrə irəliləməsin, Avropanın, Beynəlxalq Təşkilatların təsir gücü bəlli miqyası keçməsin. Hətta bu kontekstdə zərurət yaranarsa neqativ, “qara” metodlar belə dövriyyəyə girə bilər. Məsələn, İŞİD təhdidinə qarşı “atəşkəs şantajı” tətbiq edildiyi kimi…

Qərbin isə məramı bəlli deyil. Onların ağzında hələ də Ukrayna tamı qalıb. Bu mövsümdə canavar sürüsü insan qoxusuna necə susayırsa, Qərb də payız gələn kimi inqilab məziyyətinə eyni cür köklənir. Üstəlik, dünyanın ixtiyari bir nöqtəsində yaranmış olan ən kiçik, ən bəsit, ən sadə ziddiyyətdən, “ocaq”dan elə formada yararlanır ki, bunu etməsə, görməzdən keçsə, əlindəki fürsəti fövtə versə, adına Qərb deyilməz zatən.

***

Ehtiyatlı olmalıyıq. Ən azından seçki bitənə qədər.
Çün, başimiz üzərindəki namərd pusquların artıq dosta yoxsa düşmənə məxsus olduğunu ayırd edə bilməyəcək duruma gəldik.

Tanrı Azərbaycanımızı qorusun!(aktual).

www.yenicag.az

661
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv