Əmək bazarında “tələblər davası”: "Bir maaşa 3 nəfərin işini tələb edirlər"

media-hightechnic-468x90

Əmək bazarında son dövrlər maraqlı bir paradoks müşahidə olunur: vakansiyaların sayının çox olmasına baxmayaraq, şirkətlər uyğun namizəd tapmaqda çətinlik çəkir. Eyni zamanda, iş axtaranlar da öz şərtlərinə uyğun iş tapmaqda ciddi problemlərlə üzləşirlər.

media-banner_tkm

Bunu Yenicag.az-a açıqlamasında insan resursları (HR) meneceri Röyal Əhmədov deyib.

Onun sözlərinə görə, problemin əsas səbəblərindən biri şirkətlərin eyni vəzifə üçün fərqli və əlavə öhdəliklər tələb etməsidir:

“Əmək bazarında vəzifə və ixtisas adları standart olsa da, hər bir şirkətin daxilində fərqli tələblər mövcuddur. Məsələn, mühasibatlıq üzrə vakansiyada namizəddən insan resurslarına aid işlər də tələb oluna bilər və ya əksinə. Bu isə bir neçə vəzifənin öhdəliklərinin bir nəfər üzərində cəmlənməsi deməkdir ki, nəticədə kriteriyalara uyğun namizəd tapmaq çətinləşir”.

Ekspert bildirib ki, problem yalnız şirkətlərlə bağlı deyil, namizədlər tərəfdən də müəyyən uyğunsuzluqlar mövcuddur:

“Bəzi hallarda namizədlərin bilik və bacarıqları çox yüksək olur və buna mütənasib olaraq gözləntiləri də artır. Digər hallarda isə əksinə, bacarıqlar aşağı olsa da, iddialar yüksək qalır. Xüsusilə yeni məzun olan gənclər iş həyatına başlayan kimi yüksək əməkhaqqı tələb edirlər. Bu isə bazarda balansın pozulmasına gətirib çıxarır”.

Röyal Əhmədov əlavə edib ki, bəzi namizədlər inkişaf naminə ödənişsiz işləməyə razı olsa da, digərləri minimum xərclərinin – xüsusilə yol xərclərinin qarşılanmasını tələb edir. Lakin bir çox şirkətlər bu cür əlavə xərcləri büdcəyə daxil etmək istəmir.

“Digər mühüm məsələ isə əməkhaqqı ilə bağlıdır. Şirkətlərin təklif etdiyi maaşlar bir çox hallarda tələb olunan iş yükünə uyğun gəlmir. Eyni zamanda, bəzi namizədlərin şəxsi keyfiyyətləri zəif olsa da, yüksək maaş gözləntiləri olur. Bu da əmək bazarında disbalans yaradır”, – deyə o vurğulayıb.

Ekspert hesab edir ki, həm şirkətlər, həm də namizədlər daha realist yanaşma sərgiləməli, tələblər və gözləntilər arasında orta məxrəc tapılmalıdır.

Samir Məcid

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05