Əmək bazarında yeni reallıq: Diplom yoxsa praktiki bacarıq?
Əmək bazarında peşə təhsili alanların universitet məzunlarından daha çevik iş tapması ilə bağlı müzakirələr aktuallığını qoruyur. Ekspertlərin qənaətinə görə, müasir şəraitdə diplomdan daha çox praktiki bacarıqlar və real iş təcrübəsi əsas seçim meyarına çevrilib.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən insan resursları meneceri Röyal Əhmədov bildirib ki, hazırda əmək bazarındakı şirkətlər bir neçə istiqamətdə qruplaşıb:
“Bir qrup şirkət sırf təcrübəli və daxili korporativ prinsiplərinə uyğun namizədləri cəlb etməyə çalışır. Digər bir qrup müsbət reputasiyasını qorumaq məqsədilə gənc komandaya və yaş kriteriyasına önəm verir. Üçüncü qrup isə nəzəri biliyi olsun, praktikasını özümüz yetişdirərik’ yanaşması ilə hərəkət edir. Lakin ümumi mənzərəyə baxdıqda, şirkətlərin böyük əksəriyyətinin praktiki təcrübəyə üstünlük verdiyi görünür. Bu səbəbdən yüksək ali təhsili olan, lakin təcrübəsi az olan namizədlər iş tapmaqda çətinlik çəkirlər”.
HR mütəxəssisi qeyd edib ki, problemin əsas səbəblərindən biri də namizədlərin gözləntiləri ilə bazar reallığı arasındakı fərqdir:
“Bəzən təhsil və praktika paralel getmədikdə, namizədin maaş və vəzifə gözləntiləri bazar şərtlərindən yüksək olur. Şirkətlərin çoxu bakalavr və ya magistr təhsili olub praktiki bazası olmayan şəxsləri zaman itkisi kimi qiymətləndirir və minimum 1-2 illik təcrübə tələb edir. Çünki yetişdirilən kadrın qısa müddət sonra başqa şirkətə keçməsi işəgötürən üçün ciddi risk yaradır”.
Onun sözlərinə görə, hazırda əmək bazarında əsas meyar şəxsin praktiki bacarıqları və adaptasiya qabiliyyətidir:
“Texnologiyaların sürətli inkişafı və AI (Süni İntellekt) sistemlərinin tətbiqi namizədlərdən yüksək şəxsi keyfiyyətlər, davamlı özünüinkişaf və yeniliyə açıqlıq tələb edir. Bu xüsusiyyətlərə malik olan şəxslər bazarda daha rahat mövqe qazana bilirlər”.
Samir Məcidov













