Erməni “möcüzə”si baş tutmadı
“Dünya ermənilərinin 2015-ci il aprelin 24-ü ilə bağlı səs-küylü təbliğat kampaniyası gözlənilən effekti verməyib boşa çıxdı. İrəvana “soyqırımı qurbanlarının xatirəsini anmaq üçün” cəmi 4 dövlət başçısının gəlməsi əyani göstərdi ki, beynəlmiləl qüvvələr, qlobal geosiyasətin cərəyanlarını yönləndirən elita müasir Türkiyəni qınaq obyektinə çevirməyəcək”.
Bu sözləri politoloq, BakuPost xəbər portalının baş redaktoru Tofiq Abbasov deyib.
Xatırladaq ki, aprelin 24-də Yerevanda baş tutan qondarma “erməni soyqırımı”nın 100 illik tədbirinə Rusiya, Fransa, Serbiya və Cənubi Kiprin dövlət başçıları qatılıb.Bundan sonra ermənilərin hansı addımlar atacağı olduqca maraqlıdır?
Tofiq Abbasov bildirir ki, ən böyük məyusluq isə Amerika Erməni Milli Komitəsinin (ANCA) rəhbərliyinin üzərinə çökdü.
“Çünki bu təşkilat faktik olaraq rəsmi İrəvanın alternativi rolunu oynayır və yeri gələndə bu təşkilatın sözünün kəsəri Ermənistan dövlətinin mövqeyindən daha təpərli olur. ANCA, ermənilərin qeyri-rəsmi ikinci hökuməti kimi, bütün kartları açdı və məlum həqiqət bundan ibarət idi ki, “tarixi seçim qarşısında olan Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama düzgün addım atmadı”. ABŞ prezidenti 1915-ci il hadisələri kontekstində yenə də təmkin və praqmatizm sərgiləyib “soyqırımı” kəlməsini səsləndirmədi”.
“Belə ki, ermənilər dünya qarşısında xar olub naqolay vəziyyətə düşdülər. Və indi onlara “bəs bundan sonra nə edəcəksiniz?” sualını vermək yerinə düşür. Erməni milləti əsrlər boyu həyata keçirdiyi fitnəkarlıq missiyasından əl çəkməlidir ki, inkişaf meyilinə oturuşsun, həm də ətrafa təhdid, təhlükə saçmasın. Ömür boyu onun-bunun əlində alət olub aranı qızışdıran xalq 100 il əvvəl, dünyanın geosiyasətində ən dəhşətli halların yaşandığı vaxtda, satqınlıq etməsəydi, olmazın fəsadlarını törətməsəydi Qərbi Asiyada yaşanmış və çoxsaylı itkilərlə nəticələnmiş dəhşətli faciələr baş verməzdi”
“Bəli, digər millətlər kimi, ermənilər də itkilər verib. Amma buna səbəb onların bağışlanmaz səhvləridir. Həmin səhvlər indi də davam edir – onlar yenə də aranı qızışdırır, qaşınmayan yerdən qan çıxardırlar. Halbuki, bunun əvəzinə, baş vermişlərdən nəticə çıxarmaq lazımdır – bu, hamıdan əvvəl ermənilərin özləri üçün yaxşı olar. 24 apreldə qeyri-adi bir şey baş vermədi. Dünya 100 il əvvəl olanlara nəzər salıb acıların təkrarlanmaması üçün ibrət götürməyi vacib bildi. Bu sırada ermənilərin də üzərinə pay düşdü, çünki onların heç bir əlahiddə hüququ, statusu yoxdur, heç vaxt da olmayacaq. Bunu hamı – bütün xalqlar, millətlər, dövlətlər bilir və ümumbəşəri prinsiplərə uyğun da hərəkət edir. Ermənilərin də bu tarixi və dəyişməz həqiqəti dərk etməsi son dərəcə vacibdir. Lakin bu, baş verəcəkmi?”-deyə politoloq sözlərinə əlavə edib.
Tofiq Abbasov Sarkisyanın müsahibəsinə diqqət çəkib.
“Bu günlər böyük və çoxdilli tamaşaçı auditoriyası olan “Euronews” televiziya kanalında yayımlanmış Ermənistan prezidenti Serj Sarkisyanla eksklüziv müsahibə geniş reklam sayəsində diqqət mərkəzinə gəldi. O, utanmadan iddia etdi ki, guya iki dəfə Türkiyə ilə barışmağa cəhd edib, ancaq qarşı tərəfin ucbatından bu, baş tutmayıb. Və indi də yenə məsuliyyəti özü və özükimilərin üzərindən həyasızcasına atıb deyir ki, guya indi top türklərin tərəfindədir və onlar düzgün qərar verəcəkləri təqdirdə, ermənilər yaxınlaşmağa hazırdırlar. Məsələnin bu tərzdə qoyuluşu başdan-ayağa blefdir. Serj Sarkisyan, milyonlarla onun kimi düşünən soydaşları, eləcə də erməni hiyləsinə züy tutan digər millətlərdən olan təəssübkeşlər bir vacib məqamı daim göz önündə saxlayıb bilməlidirlər – insanlar tarixdən xəbərdardırlar və ermənilər tərəfindən törədilmiş cinayətlər tarixə həkk olunub.1914-1920-ci illərdə Osmanlıda 5 milyon adam həlak olub ki, onların da əksəriyyəti müsəlmanlar idi. Ermənilər isə ən az sayda məhrumiyyət yaşayıb. Qətlə yetirilmiş günahsız müsəlmanların çoxu məhz erməni vəhşiliyinin qurbanı olub.” Politoloq sonda bildirir ki, bundan sonra bölgədə vəziyyət tam fərqli olacaq.
“Son aylar ərzində erməni hərbi birləşmələri təmas xəttində saysız-hesabsız itkilər veriblər. Onlar tərəfindən açılan hər atəş dalğasına Azərbaycan ordusunun döyüşçüləri çoxqat cavab verməklə düşməni yerindəcə susdururlar. Prezident İlham Əliyevin “əgər ölmək istəmirsizsə bizim torpaqları tərk edin” fikrini onlara ünvanlanması ciddi xəbərdarlıqdır. Əgər ermənilər sülh və sabitlik istəyirlərsə, gərək təhrikçi mövqedən birdəfəlik əl çəksinlər. Əks təqdirdə Azərbaycan silahının dərsinin nədən ibarət olmasını biləcəklər. Bundan sonra bölgədə vəziyyət tam fərqli olacaq”.
Kamran