“Ermənilərin və gürcülərin bir sıra məsələlərə yanaşmasında tarixi fərqlər var. Tarixi fərqlərin əsas səbəbi isə odur ki, gürcülər müəyyən dövlətçilik təcrübəsinə malikdirlər və biz necə ki, Rusiya imperiyası tərəfindən işğal olunmuşuqsa, gürcülər də eynilə onlar tərəfindən dövlət olaraq işğal olunublar”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Azər Hüseynov deyib.
Analitik Ermənistan parlamentinin ölkənin Avropa İttifaqına qəbulu prosesinin başlanması haqqında qanun layihəsini təsdiqləməsi məsələsi ilə yanaşı, Baş nazir Nikol Paşinyanın sözügedən məsələdə yürüdəcəyi siyasi xətti şərh edib.
Onun sözlərinə görə, ermənilər tarixən atdıqları addımlarda gürcülərdən bir az fərqli olublar:
“Ermənilər XIII əsrdən etibarən, özlərinin də iddia etdikləri kimi, hər hansısa bir dövlətçilik təsisatına malik olmayıblar və icmalar şəklində yaşayıblar. Daim onlarda özünüqoruma instinkti də yüksək səviyyədə inkişaf edib. Bunları fikirlərimə müqəddimə olaraq demək istəyirəm, çünki bu gün Ukrayna prezidenti Volodimir Zelenski və Gürcüstanın sabiq prezidenti, hazırda isə həbsdə olan Mixeil Saakaşvilidən Nikol Paşinyanı fərqləndirən əsas cəhət odur ki, o, ermənidir. Hər nə qədər Paşinyan da “dostları” kimi Qərb layihəsi olmasına baxmayaraq, erməni xislətinə uyğun bir şəkildə ehtiyatla hərəkət edir və Rusiyanın maraqlarını nəzərə alır”.
Həmsöhbətimiz əlavə edib ki, eyni zamanda, Paşinyan anlayır ki, hələ sülh imzalanmayıb və müharibə faktiki olaraq bitməyib:
“Bu müharibənin bitməsi isə Ermənistan konstitusiyasının dəyişikliyini zəruri edir. Belə ki, Ermənistan konstitusiyasında və eyni zamanda gerbində Azərbaycan və Türkiyə torpaqlarına iddia var və bütün bu problemlərin ortadan qaldırılmasının zəruri olduğunu anlayır. Ona görə də arosentrizm və avrointeqrasiya istiqamətində hər nə qədər addımlar atılsa da, güman edirəm ki, Paşinyan dövründə bu addımlar, ehtiyatla atılacaq. Bu isə özündən sonra gələcək daha Qərbpərəst bir şəxs üçün zəmin yaratmaq məqsədi daşıyır. Ermənilər güman edirlər ki, Rusiya Ukrayna məsələsindən sonra başqa istiqamətlərdə hərəkət etməyəcək. Bütün bunlara görə də ermənilər suyu üfürə-üfürə içəcəklər və ehtiyatlı davranacaqlar. Əlbəttə ki, ürəklərindən avrointeqrasiya keçir, amma onlar gürcülər kimi xarakterli bir xalq deyillər və ehtiyatlı davranmağı, özünü qorumağı əsas hesab edirlər”.
Rafi Müslümov
www.yenicag.az