Ermənistanın KTMT manevri: Siyasi manevr, yoxsa strateji iflasın etirafı?
“Ermənistanın KTMT-də üzvlüyünü faktiki olaraq dondurmasının əsas səbəbi, təşkilatdan gözlədiyi təhlükəsizlik təminatını ala bilməməsi ilə bağlıdır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib.

Politoloq Ermənistan rəsmisinin mətbuat konfransında ölkənin KTMT üzvlüyünün dondurulmasına dair sualdan yayınmasının pərdəarxası məqamlarını şərh edib.
O qeyd edib ki, xüsusilə son illərdə regionda baş verən hadisələr fonunda rəsmi İrəvan KTMT-nin onun təhlükəsizlik narahatlıqlarına adekvat reaksiya vermədiyini hesab edir:
“Bu faktor təşkilata olan etimadı ciddi şəkildə zəiflətdi. Bunun fonunda Ermənistan alternativ təhlükəsizlik və siyasi tərəfdaşlıqlar axtarmağa başlayaraq Qərb strukturları ilə münasibətləri daha da aktivləşdirdi. Üzvlüyün dondurulması isə formal çıxış deyil, daha çox manevr imkanlarını genişləndirən aralıq qərardır. Bu addım qısamüddətli perspektivdə Ermənistana daha çevik xarici siyasət aparmaq imkanı versə də, uzunmüddətli baxımdan təhlükəsizlik boşluğu və strateji qeyri-müəyyənlik yarada bilər”.
Züriyə Qarayeva Ermənistan müdafiə nazirinin müavini Arman Sərkisyanın sualdan yayınmasını bir neçə amillə izah edib:
“Rəhbərliyin bu qərarın səbəblərini açıq şəkildə izah etməkdən yayınması həm daxili, həm də xarici auditoriya ilə bağlıdır. Daxildə hakimiyyət cəmiyyətdə parçalanmanı dərinləşdirmək istəmir, çünki KTMT-dən uzaqlaşma məsələsi hələ də birmənalı qəbul olunmur. Xarici müstəvidə isə Rusiya ilə münasibətləri tam qoparmamaq üçün rəsmi İrəvan ehtiyatlı ritorika seçir və kəskin bəyanatlardan qaçır.
Bu, klassik “strateji qeyri-müəyyənlik” yanaşmasıdır: həm Qərbə yaxınlaşmaq, həm də Moskvanı tam qarşıya almamaq cəhdi. Lakin bu cür qeyri-aydın mövqe uzun müddət davam edərsə, Ermənistanın həm müttəfiqləri, həm də potensial tərəfdaşları üçün etibarlılıq problemi yarada bilər”.
Xatırladaq ki, Ermənistan müdafiə nazirinin müavini Arman Sərkisyan ölkənin KTMT-dən tam çıxması ilə bağlı sualı cavablandırarkən bu məsələnin ona ünvanlanmalı olmadığını deyib.
Nurlan Cəfəri













