Evə düşən meteorit Dünyadan yaşlı çıxdı - FOTO
ABŞ-nin Corciya ştatında iyunun 26-da bir evin damına düşən meteoritin Yer kürəsindən daha qədim olduğu müəyyənləşdirilib.
Yenicag.az xəbər verir ki, Atlanta yaxınlığındakı Henri Kaunti bölgəsinin MakDonaf qəsəbəsində evin damını deşib içəri düşən meteorit, yerli sakinləri təəccübləndirib.
Zərbə nəticəsində tavanda qolf topu böyüklüyündə dəlik, döşəmədə isə çökəklik yaranıb.
Corciya Universitetinin geoloqu Skott Harris apardığı analizlərdə meteoritin 4,56 milyard il əvvəl formalaşdığını, Yerin isə təxminən 4,543 milyard il yaşı olduğunu bildirib. Nümunələr optik və elektron mikroskop altında incələnib və onun aşağı metalli, adi xondrit tipli meteorit olduğu müəyyənləşdirilib. Harris, daşın Mars və Yupiter arasındakı əsas asteroid kəmərində yaranan və təxminən 470 milyon il əvvəl parçalanmış böyük bir asteroidin qalıqlarına aid olduğunu deyib.
Meteorun çıxardığı səs yaxın məsafədən atəş səsinə bənzəyib. Ev sahibi hələ də otağında toz halına gəlmiş kosmik qalıqlar tapıldığını bildirib. Bu “McDonough” adlı meteorit Corciya tarixində qeydə alınan 27-ci meteoritdir.
Parçaların bir hissəsi Kartersvil şəhərindəki Tellus Elm Muzeyində sərgilənəcək.