“Cəmiyyətin apolitik olması, yəni siyasətə kifayət qədər maraq göstərməməsi və ya siyasiləşməməsi bir çox hallarda manipulyasiyaların asanlıqla baş tutmasına şərait yaradır. Apolitik cəmiyyətlərdə destruktiv qüvvələrin təsiri daha güclü olur ki, bu da həm siyasi dairələrdə, həm də dövlət strukturlarında müəyyən təsirlər yaradır. Maraqlı tərəf odur ki, belə vəziyyətlərdə yalnız bir tərəf deyil, müxtəlif tərəflər də proseslərdən öz maraqları üçün istifadə etməyə çalışır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Ağ Partiya başqanı Tural Abbaslı deyib.
Partiya sədri İmişlidə 3 məktəblinin qəza nəticəsində ölməsindən sonra baş verən prosesləri siyasiləşdirən qüvvələrin iç üzünü, habelə sözügedən məsələdə manipulyasiya edən dairələrin əsl məqsədlərini şərh edib.
T. Abbaslının fikrincə, xalqın emosional reaksiyası çox vaxt konkret bir hadisəyə, xüsusilə də faciəli hallara qarşı olur:
“Məsələn, 3 körpənin həyatını itirdiyi, birinin isə ağır vəziyyətdə olduğu bir qəza zamanı insanlar öz etirazlarını emosional formada ifadə edirlər. Amma burada əsas məsələ reaksiyanın obyektivliyidir. Əgər qəzanı törədən avtomobil adi maşın yox, polis maşını olmasaydı, yenə də xalqın reaksiyası bu qədər güclü olacaqdımı? Çox güman ki, bəli, çünki ortada ciddi bir faciə var. Təəssüf ki, belə hadisələrdən həm dövlət strukturlarında, həm də müxalifət və sosial şəbəkələrdə sui-istifadə halları müşahidə olunur. Bəzi şəxslər bu vəziyyətləri siyasiləşdirmək, şəxsi və ya siyasi maraqlarını təmin etmək üçün çalışırlar. Cəmiyyətin isə belə hallara qarşı daha ayıq-sayıq olması, vəziyyəti düzgün təhlil etməsi vacibdir. Ən əsası, ədalət prinsipinin işləməsi təmin olunmalıdır ki, insanlar hadisələrə adekvat reaksiyanı görə bilsinlər”.
Həmsöhbətimiz əlavə edib ki, hər hansı bir hadisənin cəzasız qalması və ya gizlədilməsi cəmiyyətdə ədalətə olan inamı zədələyir:
“Buna görə də məhkəmə, istintaq və digər hüquqi mexanizmlərin işləməsi mühüm əhəmiyyət daşıyır. Bəzi şəxslərin bu hadisələri süni şəkildə şişirtməsi, rəhbərliyə vəziyyəti daha dramatik formada təqdim etməsi də qarşı tərəfin reaksiyasını formalaşdırır. Təəssüf ki, bəzi insanlar başqalarının faciələrindən siyasi, maddi və ya başqa məqsədlər üçün istifadə etməyə çalışır. Belə davranışlar həm əxlaqsızlıq, həm də insanlığa yaraşmayan hərəkətlərdir. İnsanların ağrısı və faciələri üzərindən karyera qurmaq və ya diqqət qazanmaq cəmiyyətdə mənfi təsir yaradır və belə hallara qarşı ciddi ictimai qınaq olmalıdır”.
Rafi Müslümov
www.yenicag.az