Azərbaycanın uşu-sanda millisinin sabiq üzvü Emin İsmayılov 3 il öncə dünya çempionatında aldığı zədə ilə bağlı müalicəsi üçün Gənclər və İdman Nazirliyinə gedib-gəlsə də, idmançıya diqqət göstərən yoxdur.
Yenicag.az saytının əməkdaşı məsələ ilə bağlı nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovaya müraciət edib. Qurum rəsmisi isə saytımıza açıqlamasında bildirib ki, Eminə dəfələrlə pul verilib, onun müalicəsi də etdirilib:
“Bu adama heç bir federasiya məktub vermir. Uşu-sanda federasiyası da bu idmançını tanımır. Sonra dedi ki, boks federasiyasındanam. Halbuki, heç bir federasiya bu adama bir dənə də olsun, məktub vermir. İndi biz nə edək? Heç bir federasiya Eminə məktub vermir ki, biz bu adamın cibinə pul qoymağı dayandıraq. Dəfələrlə gəldi ki, pula ehtiyacım var. Biz İsmayılovu müalicə, əməliyyat etdirdik. Daha titullu idmançılar var. Bu, onlara qarşı hörmətsizlikdir axı. Biz nazirlik olaraq, əslində bunları etməli deyilik. Hər gələn idmançıya pul ödəsək, onda görün nə olar. Emin İsmayılova verdiyimiz pulun miqdarını açıqlaya bilmərəm. Ən aşağısı bir neçə mindir. Gənclər və İdman Nazirliyi dövlət qurumudur. Bu qurum fərdi idmançıların müalicəsi ilə məşğul deyil. Sadəcə, nazirliyin nəzdində Tibbi Realibitasiya və Müalicə Diaqnostikası İnstitutu var. İdmançıların burada müalicə və müayinə alması üçün mütləq şəkildə federasiyadan məktub gətirməlidirlər. Daha doğrusu, federasiyadan bizə siyahı gəlir. Bu siyahı əsasında nazirliyin xətti ilə pulsuz müalicə alırlar. Hazırda 720-dən artıq idmançı pulsuz müalicə olunur. Elə Eminin də müayinəsinə, müalicəsinə yardım edilib. Hamısı da sənədlərdə var”.
Səmayə Məmmədovanın açıqlamasından sonra bir daha Emin İsmayılovla əlaqə saxladıq. Lakin idmançı GİN-nin sözcüsünün açıqlamasını “yalan” adlandırdı. Əsəbi halda danışan İsmayılovun məsələyə reaksiyası belə oldu:
“Səmayə Məmmədova gözünün içinə kimi yalan danışır. 6 ay bundan əvvəl mənə dedilər ki, üzvü olduğun federasiyadan məktub gətir. Apardım məktub verdim, təsdiqləmədilər. Bax, məni belə yola verirlər. Axırıncı dəfə Azərbaycan Hapkido Federasiyasından məktub aparmışam. Aprel ayından məni gözlədirlər. Hər həftə getmişəm, hər dəfə də bir söz deyiblər: “Ay təsdiqləmişik, İsmayıl müəllim qalıb”, “Ay Fərid Mansurov qalıb”… Bu boyda söhbətdən sonra yenə məktub aparacam? Necə olur, Azad Rəhimov gedib özünə 300 min dollara at alır, mənim əməliyyatıma 3 min ayırmırlar? 3 ildir mənə cəhənnəm əzabı yaşadırlar. 3 ildir adama belə zülüm verərlər? Fərid Mansurovun yanında olanda dedi ki, sənin kimi zədəli o qədər idmançı var ki. Allaha dua edirəm ki, mənim ağrılarım onların da başına gəlsin. Mansurov axırıncı dəfə məni otağına çağırıb, hədə-qorxu gəldi. Dedi ki, qazlanmısan? Mən sənin qazını alaram. Qayıtdı ki, get özünü yandır, yandırmayan da kişi deyil. Sən kimsən axı, mən sənə görə özümü yandırım? Adam da adama belə zülüm edər?”.
Emin Səfərov
www.yenicag.az