!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransanın casus şəbəkəsi BELƏ İFŞA EDİLDİ – Silah-sursat, ordu ilə bağlı məlumatlar, gizli pul köçürmələri...

!Reklam – Yazi

Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən və Fransaya casusluqda ittiham olunan Martin Ryan və Azad Məmmədlinin cinayət işinin məhkəmə baxışı keçirilib.

Yenicag.az xəbər verir ki, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən açıq məhkəmə iclasında dövlət ittihamçısı təqsirləndirilənlərə ittiham aktını elan edib.

Məhkəmədə iclasında yerli va xarici media nümayəndələri, xarici səfirliklərin əməkdaşları iştirak ediblər.

İttiham aktına görə, Martin Ryanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.

Martin Ryan eyni zamanda bəzi xarici dövlətlərin Azərbaycandakı səfirliklərində işləmiş şəxslərlə məqsədyönlü şəxsi münasibət qurub məlumatlar alaraq xarici xüsusi xidmət orqanına ötürməkdə şübhəli bilinir.

İttiham aktında qeyd olunub ki, təqsirləndirilən Martin Ryan Azad Məmmədlini Səbail rayonunda kirayə yaşadığı evdə və həmin ərazidə yerləşən restoranların birində Fransanın xüsusi xidmət orqanları əməkdaşları ilə görüşdürüb.

Azad Məmmədliyə görəcəyi işlərin qarşılığında xarici vətəndaşlıq vəd olunub. Razılaşmadan sonra Azad Məmmədli ilə konkret xüsusi mobil tətbiqləri və e-mail adresi üzərindən əlaqə saxlanılıb.

Təqsirləndirilən şəxslər – Martin Ryan və Azad Məmmədliyə qarşı irəli sürülən ittihamlar təsdiqini taparsa, onları 12 ildən 20 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

Açıq məhkəmə prosesində təqsirləndirilən Martin Ryan cinayət işi üzrə özünü qismən təqsirli bilib və bunu sübuta yetirəcək dəlillərinin mövcudluğunu qeyd edib.

Məhkəmə prosesində təqsirləndirilən şəxslərin, şahidlərin dindirilməsi, sənədlərin, sübutların tədqiqi ilə davam etdirilməsi ilə bağlı qərar qəbul edib.

Qeyd edək ki, Martin Ryan 1988-ci ildə Fransada anadan olub, ali təhsillidir. O, Fransada Monpelye Universitetinin beynəlxalq əlaqələr, hərbi tarix və geosiyasət ixtisasını bitirib, əvvəllər məhkum olunmayıb. Azərbaycanda sahibkarlıq və Fransız şərablarının idxalı ilə məşğul olub.

Digər təqsirləndirilən şəxs Azad Məmmədli isə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun beynəlxalq hüquq fakültəsini bitirib. O, 2019-2023-cü illərdə Beynəlxalq Bankda hüquqşünas işləyib. 2023-cü ildə bir müddətlik Böyük Britaniyaya köçüb. Vətənə qayıdandan 2 ay sonra həbs olunub.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 2023-cü il dekabrın 4-də həbs olunub. “Merkorama” MMC-nin baş direktoru olan Martin Ryana qarşı 276-cı maddə (casusluq) üzrə ittiham irəli sürülüb.

İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədliyə 274-cü maddə (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.

Məlum olduğu kimi, ötən müddətdə geniş casus şəbəkəsinin ifşasından və xidməti uğursuzluqlardan sonra 2023-cü il dekabr ayının 20-də Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emye həmin vəzifəsindən azad edilib./modern.az

www.yenicag.az

113
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv