“Geyindikləri geyim deyil, malik olduqları ağıl önəmlidir”
Bu ay yarandığı qısa müddətdə cəmiyyətdə adını duyurmağı bacaran “Addım” Gənclər Təşkilatının 2 yaşı tamam olur.
Kreativ layihələri ilə tanınan “Addım” Gənclər Təşkilatının sədri Hüseyn Cavadzadənin müsahibəsini təqdim edirik:
– Öncəliklə “Addım”dan başlayaq. “Addım”ın ideyası haradan yarandı?
– Milyonlarla kilometrlik yol bir ADDIMdan başlayır. Azərbaycanın gələcəyi gənclərimizin sağlam ADDIMlamasından asılıdır. “Addım” Gənclər Təşkilatının yaranmasına gəlincə, 6 ildir ki, dövlət universitetlərimizin birində pedaqoji fəaliyyətlə məşğulam, gənclərlə çox sıx təmasda oluruq, əməkdaşlıq edirik. Qərarlaşdırdıq ki, bunu leqallaşdıraq, lahiyələrimizi təşkilat olaraq gerçəkləşdirək. Bu səbəbdən də “Addım” Gənclər Təşkilatını yaratdıq və qeydiyyatdan keçirdik. Məqsədimiz odur ki, Yeni Azərbaycanın qurulmasında gənclərin daha aktiv iştirakını təmin edək.
Biz çalışırıq ki, “plakat” layihələr etməyək
– “Addım” bu yöndə hansı addımlar atıb?
– “Addım” 2 il ildir ki, fəaliyyət göstərir. Bu qısa müddətdə Azərbaycanın ən çox üzvü olan gənclər təşkilatına çevrilən “Addım” 97 layihə həyata keçirib. Onların içərisində həm lokal, həm regional, eyni zamanda beynəlxalq layihələr olub. Hesab edirəm ki, bu işlərimizın hamısı cəmiyyətimizə töhfəmizdir. Nəzərə alaq ki, bizim layihəyə yanaşma tərzimiz digər QHT-lərin yanaşma tərzindən fərqlənir. Çünki biz çalışırıq ki, “plakat” layihələr etməyək, monitorinqlər keçirək, gördüyümüz işdən öncə strateji planlaşdırma edək.
– QHT sektoru və gənclər təşkilatlarından “Addım”ı nə ilə fərqləndirməliyik?
– Özümüz haqqında danışıb fərqləndirməyim, düzgün olmaz. Mən ancaq öz təşkilatım barədə danışa bilərəm. Bizim təşkilatda gənclər hərəkətverici qüvvədir. Biz onları tədbirdən tədbirə yığmırıq. Heç bir tədbirimizdə digər təşkilatlara müraciət edib, “gəncləri göndərin” demirik. Tədbirlərdə gördüyünüz gənclər “ADDIM”çılardır. Biz onların inkişafı, Azərbaycanı layiqli təmsil etmələri, eləcə də əmək fəaliyyətlərinin doğru istiqamətə yönəldilməsi üçün əlimizdən gələni edirik. Onların da başlıca məqsədi Azərbaycan Respublikasına sədaqətli olmaqla bərabər yararlı olmaq istəyidir.
Əksər gənclər təşkilatlarının sədrlərinin yaşı artıq 40-ı keçib
– Ümumi şəkildə dövlətin gənclər siyasətinə, gənclər və gənclər təşkilatları adekvat reaksiya verə bilirlərmi?
– Dövlətin gənclər siyasətini olduqca qənaətbəxş hesab edirəm. Gənclərə digər ölkələrdə olmayan imkanlar yaradılıb. Hesab edirəm ki, Azərbaycanın həqiqətən də çox bacarıqlı, istedadlı gəncləri var. Sadəcə, belə gəncləri doğru istiqamətə yönəltmək lazımdır. Gənclər təşkilatlarında da yenilənmə olmalıdır. Sədr dəyişikliyi, struktur dəyişikliyi və s.
Biz streotiplərə tabe olmadıq
– Əksər gənclər təşkilatlarının sədrlərinin yaşı artıq 40-ı keçib. Bəs siz necə? Gənclər təşkilatını sədri olaraq qalmaq istəyirsiniz, yoxsa növbəti mərhələyə keçmək fikriniz var?
– Şəxsən 30 yaşım tamam olandan sonra sədr olaraq qalmaq niyyətində deyiləm. Hesab edirəm ki, “Addım” Gənclər Təşkilatı olaraq vətəndaşa verdiyimiz töhfələri sədr olmasam da, gerçəkləşdirə bilərəm. Biz gənclər təşkilatı yox, gənclərin təşkilatıyıq. Protokoldan çox gəncləri nəzərə alırıq ki, hər şey onların ürəyincə olsun. Mən “Addım”ı yaratmamışdan öncə heç bir QHT sektorunda təcrübəm olmayıb. Qiyabi olaraq məlumatım olub. Bu səbəbdən də, “təşkilat” sözünün arxasınca gedib, şablona uyğun fəaliyyət göstərmək bizə yaddır. 2 il ərzində əldə etdiyimiz nailiyyətlərin də əsas səbəbi budur ki, biz stereotiplərdən çıxdıq. Və gənclər buna görə bizə inanırlar.
– Sizcə “Addım”ın bu sektorda rəqibi varmı?
– Əminliklə deyə bilərəm ki, bizim rəqibimiz yoxdur. Çünki Azərbaycan daxilində bu işlə məşğul olan kimsəyə rəqib gözüylə baxa bilmərik. Mən düşünürəm ki, bu ictimai işdir. Məsələn, “Addım” şəxsən mənim vətəndaş cəmiyyətinin inkişafı yolundakı ictimai fəaliyyətimdir. Yəni, mən bu fəaliyyəti biznes maraqları üçün etmirəm. Mənim pedaqoji fəaliyyətim, şəxsi biznesim və s. imkanlarım var. Düşünürəm ki, QHT rəhbərinin sənəti, işi, ayrıca qazanc mənbəyi olmalıdır. Əks halda ictimai təşkilat kommersiya qaynağına, digər təşkilatlarsa onun gözündə dediyiniz kimi, rəqibə çevrilə bilər.
– Layihələrinizdə bir kreativlik diqqəti çəkir. Məsələn cənab Prezidentin doğum günü ilə bağlı hazırladığınız videorolik diqqəti olduqca cəlb etdi. Ümumiyyətlə, reaksiyalar necədi?
– Çox yaxşıdır. Bizim ilk layihəmiz “No Smoking” film festivalı ilə bağlı oldu. “Siqaret çəkməkdənsə, film çək” lozunqu altında başladıq. Orada bir çox tanınmış ictimai xadim çəkilmişdi. Ötən il biz Dünya Görmə Günü ilə bağlı “Bax, doyunca bax” layihəsini həyata keçirdik. Hamının reaksiyası müsbət oldu. Optik mağazalarda pulsuz müayinə həyata keçirmişdik. Bu artıq təşkilatın “art” hissəsidir. Bizim təşkilatın bazasında çəkim və səs studiyalarına qədər var. Xüsusən, mənim özümün də bir profilim incəsənətə bağlıdır. Kreativ yanaşmanı özüm nəzərdən keçirirəm. Amma bu günə kimi layihələrimiz heç bir neqativ reaksiya ilə qarşılaşmayıb. Bu da ona görədir ki, biz azad təşkilatıq. Bu Azərbaycan cəmiyyətinin demokratikliyinin göstəricisidir.
– Ümumiyyətlə, Hüseyn Cavadzadə necə insandır?
– Özüm haqqında çox danışa bilmərəm. Sadəcə deyə bilərəm ki, olduqca işgüzar insanam. ADMİU-nun sənətşünaslıq fakültəsini bitirmişəm. Bakalavr, magistr mərhələlərini keçmişəm və hazırda doktorantam. İkinci təhsilim Gürcüstanda, üçüncü təhsilim isə Ukraynada olub. İxtisasca iqtisadçıyam, həm də mədəniyyət sahəsi üzrə təhsil almışam. Ailəliyəm. İşdən sonrakı həyatım ailəm, övladım üçündür. Onlara xoşbəxt həyat bəxş etmək mənim üçün çox önəmlidir.
Gənclərin geyindikləri geyim önəmli deyil, malik olduqları ağıl önəmlidir
– Sizin görmək istədiyiniz Azərbaycan gənci necədir? Kostyum-qalstukda, yoxsa necə?
– Hesab edirəm ki, gənclərin geyindikləri geyim deyil, malik olduqları ağıl önəmlidir. Düzdür, məcburiyyətdən qalstuk-kostyum geyinənlər az deyil. Ancaq biz daha çox sərbəstliyə üstünlük veririk. “Addım”ın fotolarına baxsanız, tamam başqa gəncləri görərsiniz. Bizim öz kontingentimiz var. Biz onlara karyera imkanları veririk, hər cür şərait yaradırıq. Bizim gənclərimiz özləri öz karyeraları ilə məşğul olan insanlardır. Bu yaxınlarda biz “Addım biznes kollege” adlı layihəyə başladıq. Hər həftənin bazar günləri dərslər keçirildi. Xarici mütəxəssislər dəvət etmişdik. Tamamilə ödənişsiz idi. Dərslər tam olaraq ingilis dilində idi. Oradakı gənclərlə təmasda olanda böyük zövq alıram. Mən o gənclərin gələcəkdə lazımlı bir yer tutacağına əminəm. Bu gənclər Azərbaycana daha çox yararlıdır.
– Azərbaycanda iqtidar və müxalifyönlü gənclər sektoru formalaşıb. Bəs “Addım”ın üzvləri hansı tərəfə meyillidirlər?
– Baxmayaraq ki, mən özüm iqtidaryönlü adamam, ulu öndərimizin əsasını qoyduğu və cənab Prezidentimiz tərəfindən yürüdülən siyasəti daim dəstəkləyirəm. Amma mən gənclərə öz mövqeyimi basqı vasitəsi kimi tətbiq etmirəm. Yəni, təzyiq etmirəm. “Addım” bu barədə çox demokratikdir. Biz çalışırıq ki, gənclərimiz doğru yolda addımlasınlar. Xatırlayıram, bir-iki il əvvəl çaxnaşmalar-filan baş verirdi. Gənclərin fikirləri müxtəlif istiqamətə yayılırdı. Həmin ərəfədə bizə bir çox gənc müraciət etdi. Hətta müxalifyönlü təşkilatlardan da gələnlər var idi. Onlar bir növ bizimkiləşdilər. Həm də biz insanlara necə fərq qoya bilərik?! Hamımız azərbaycanlıyıq. Dini, siyasi baxışları fərqli ola bilər. Biz çalışırıq ki, insanlara doğru istiqamət göstərək.. Biz onlara imkan tanımışıq. Bu səbəbdən də“Addım”-da 95% liberal, iqtidaryönlü, 100% ölkəsini və dövlətini sevən gənclər var(ölkə.az).