Gizli kamera ilə izləyənləri hansı CƏZALAR gözləyir? – Vəkildən XƏBƏRDARLIQ

media-hightechnic-468x90

Açıq satışda olan müxtəlif ölçülü və gizli formada istifadə oluna bilən müşahidə kameraları şəxsi həyatın toxunulmazlığı baxımından ciddi risklər yaradır. Belə cihazların xüsusilə hamam, yataq otağı və iş otaqları kimi məkanlarda quraşdırılmasının qanunsuzluğu və vətəndaşların belə hallarla qarşılaşdıqda nə etməli olduqları ciddi suallar doğurur. Azərbaycanın hüquqi kontekstində şəxsi həyatda gözlənilən məxfilik dedikdə, hər kəsin şəxsi və ailə həyatı, mənzildə yaşadığı məkan xüsusən də hamam, yataq otağı, sanitar qovşaq kimi yerlər tam şəkildə toxunulmazlıq hüququna malikdir.

media-banner_tuq

Bununla bağlı Yenicag.az-a açıqlama verən Vəkillər Kollegiyasının üzvü, vəkil Elvin Əliyev bildirib ki, bu hüquq Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunlar tərəfindən qorunur:

media-whatsapp-image-2026-02-24-at-16-12-58

“Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin razılığı olmadan bu sahədə fiziki və texniki müdaxilələrə yol verilmir. Gizli və ya görünməyən kameralarla şəxsin şəkli, videogörüntüsü və ya səsi onun xəbəri olmadan qeydə alınarsa, bu, şəxsi həyata müdaxilə sayılır və hüquqi risklər yaradır. Belə hallar həm inzibati, həm də ağır hallarda cinayət məsuliyyəti ilə nəticələnə bilər.

Gizli kameraların xəbərdarlıq olmadan yerləşdirilməsi, xüsusən şəxsi məkanlarda (hamam, yataq otağı, duş, tualet və s.), şəxsin icazəsi olmadan onun şəxsi həyatına dair video və audio məlumatların toplanması, saxlanması və yayılması qanunsuzdur. Hətta bir otel otağında belə gizli kamera tapılsa, bu, həm şəxsi həyatın toxunulmazlığına ağır müdaxilə sayılır, həm də hüquqi məsuliyyətə səbəb olur.

Gizli şəkildə satılan və yayılan kameralar xüsusi icazə olmadan belə cihazların istehsalı, satışı və istifadəsi qanunla məhdudlaşdırılıb və ya qadağan olunmuşdur. Gizli kamera quraşdırılması yalnız rəsmi dövlət orqanlarının cinayət araşdırması və ya məhkəmə qərarı ilə müəyyən hallarda mümkündür. Normal halda fiziki şəxslər və kommersiya subyektləri üçün bu, qanunla qadağan olunmuşdur”.

Vəkil qeyd edib ki, Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə əsasən, hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ var və şəxsin razılığı olmadan onun haqqında məlumatın toplanması, saxlanması, istifadəsi və yayılması qadağandır.

“Fərdi məlumatlar haqqında” qanunun 8 və 9-cu maddələrini xatırladan E.Əliyev əlavə edib:

“Video görüntü də şəxsi məlumat hesab edilir və toplanması üçün subyektin razılığı tələb olunur. Əgər belə bir vəziyyətlə qarşılaşılarsa, hüquq-mühafizə orqanlarına müraciət olunmalıdır. Vəkil xidmətindən istifadə edərək şəxsi həyatın pozulmasına görə cinayət məsuliyyətinin araşdırılması üçün müraciətlər etmək, məhkəmədə maddi və mənəvi zərərin ödənilməsini tələb etmək mümkündür”.

Samir Məcidov

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05