“Gizli rəhbər mən özüməm”
Yazıçı-publisist Həmid Herisçi yenicə çapdan çıxmış “Solaxay” romanı haqda maraqlı faktlar açıqladı: “Romanda solaxayların gizli rəhbəri mən özüməm”
– Həmid bəy, yeni romanınız çapdan çıxdı. Təbrik edirəm. “Solaxay” nədən bəhs edir?
– Böyük nəsri tənzimləyən, qaydaya salan xüsusi qanunlar mövcuddur. Həmin qanunlara görə, əsəri müəllif deyil, süjet yazır. “Solaxay” romanımda buna əməl etdim – əsəri mən deyil, süjet qələmə alıb. Romanda Güney Azərbaycan solaxaylarının Bakı, Moskva, Berlindəki sərgüzəştləri təsvir edilir. Əsər müəyyən mənada avtobioqrafikdir – süjet başlayır Qəhrəmanın Bakıda naməlum xəstəliyə yoluxmağından. Müalicəsi burda alınmır. Tale onu müalicə üçün Moskva xəstəxanalarına atır. Sonra müalicə Şərqi Berlində davam edir. Süjet qoşa xətt boyu inkişaf edir – bir tərəfdə qəhrəman xəstəlikdən müalicə olunur. Bu xətdə həyati təsvirlər, psixoloji, mistik axtarışlar üstünlük təşkil edir. Digər süjet xətti solaxayların inqilabi romantikasına, fəaliyyətinə həsr edilib. Burda Pişəvəri silahdaşlarının, kommunistlərin, belə deyək, solaxayların İrandakı məxfi fəaliyyəti işıqlandırılır. Tarixdə ilk dəfə 1978-ci il İran inqilabının pərdəarxası sirlərinə xüsusi diqqət ayrılır, İyrəc İskəndəri, Davud Münşüzadə, Bözörg Ələvi, Qafar Kəndli kimi solaxayların bu inqilabdakı misilsiz xidmətləri önə çıxarılır. Qısası, əsər solaxay taleyi haqdadır.
– Özünüz solaxaysınızmı?
– Əsərdəki bir epizodda qəhrəman Təbriz solaxaylarının şahzadəsi kimi təsvir edilib. Hər insan özünü bir sahənin şahı, sahibi bilər. Mənim qəhrəmanım (yəni özüm), bu əsərdə belə deyək, solaxayların gizli, gözəgörünməz rəhbəridir. “Solaxay” romanım kitab dükanlarının rəflərinə düşdüyü gündən etibarən, kim deyə bilər ki, mən bu arzuma nail olmamışam?
– Bəs solçu necə, bir zamanlar Trotskidən çox yazırdınız. Özünüzü solçu hesab edirsinizmi?
– Romanı sol əlimlə qələmə aldım. “Dərvişi-delrişi qələndər”lərin təkcə elə beyinqafalarını ağıllı bilməyin. Dərvişlərin əlləri də, ayaqları da, çox ağıllı olur bəzən. Xüsusən, sol ayaq pəncələri. Qazaxıstanda bu cür “ağllı pəncə” sahiblərindən biri tanınmış yazıçı, ictimai xadim Oljas Süleymenovun babası “Jayau Musa” – yəni “Piyada Musa” olub vaxtı ilə. Məncə, “ağıllı sol ayaq sahibləri”nin digər adı STALKER-dir. Stalkerlərin daxili bioradarı onların sol pəncəsində yerləşir, nəinki beyinlərində. Məhz bu bioradar da həmin insanları möcüzələrə sarı aparır, haqq qapılarını daim açır qarşılarında.
Romanın öz daxili bioritmi mövcuddur. Hadisələr burda sürətlə bir nöqtəyə doğru – 1978-ci il Təbriz üsyanına doğru irəliləyir. Əsərdə göstərilir ki, bu çevriliş bizim kimi solaxayların əməli idi. Əsərdə həm də xüsusi olaraq qeyd edilir ki, indi də Təbrizdə solaxayların gizli şahı var.
– Bu həqiqətdirmi, yoxsa sizin bədii təxəyyül məhsulunuz?
– Kitabı oxuyun… Təbriz həmişə solçuluğun, solaxayların ruhi, mənəvi mərkəzi sayılıb. Romanım elə bilirəm ki, İran, Güney Azərbaycan solçularının, solaxaylarının böyük marağına səbəb olacaq. Buna görə romanın Təbrizdə, Tehranda həm Azərbaycan, həm fars dilində çap edilməsinə ayrıca diqqət ayıracam.
– Sizcə, müasir oxucu sizin bu romanı nə üçün oxuyar?
– Janna Dark da solaxay olub… Obama da solaxaydır, Vladimir Putin də… İranın dini rəhbəri Hameneyi də solaxaydır. Sağ əli zədəlidir deyə, sol əliylə namaz qılar…
Qısası, dünya bu dəfə bəlkə sol təfəkkürə də deyil, belə deyək, solaxaylığa qayıdır. Zamanın nəbzini tutub “Solaxay”ı sol əllə qələmə aldım. Səməd Vurğun demiş –“Döyüşə tanklarla girir komsomol, təbiət təslim ol, günəş təslim ol… Sol…Sol…Sol…”
Ukraynadakı hadisələr bunu bir daha sübut etdi. Romanın məhz belə mürəkkəb bir zamanda kitab bazarına çıxışı, məncə çox mənalıdır.
– Sözlərinizdən elə çıxır ki, romanınızın çox ciddi mistik qatları mövcuddur.
– Əlbəttə mövcuddur. Roman boyu mən sübut edirəm ki, solçuluq təkcə ideoloji seçim deyil. Həm də bir bioloji fərqdir. Yəni, solaxaylar tam fərqli bir insan irqi nümayəndəsidirlər.
– Özünüz bu tipli romanları oxuyursunuzmu? Oxuyursunuzsa hansıları. Adlarını çəkə bilərsinizmi?
– Bütün insanların, xüsusilə də yazarların da öz şəxsi mistik təcrübəsi mövcuddur. Romanımda mən bu mistik təcrübəmi, qeybdən xəbər götürmək istedadımı öz oxucumla səxavətlə bölüşürəm. Dünya ədəbiyyatında mistik mövzular, bədii nəsrin əsas onurğa sütunudur. İngilis, amerikan ədəbiyyatları bu sahədə həmişə ön sıralarda olub. Edqar Po-ilk Amerika yazarı, mistik mövzularıyla şöhrət tapıb. Bu ənənəni indi Stiven Kinq, habelə Hollivud kinematoqrafı davam edir. Umberto Eko, Borxes, Markes öz əsərlərini həmişə mistik mövzular üzərində qurublar.
Çağdaş postmodern yazarlarımızda, təəssüflə qeyd edirəm ki, nəsrin bu vacib cəhəti yox dərəcəsindədir. Varsa da, çox geydirmədir. Nəsrdə gərək sən öz mistik təcrübəni böyük məharətlə qələmə alasan. Qısası, nəsr təkcə elə realizmlə məhdudlaşmır. Nəsrin bir başqa qanadı mistik mövzulardır. Nəsr süjetləri adətən, mistik olur, təsvir edilən hadisələr isə real.
– Bir neçə gündür ki, hamı Markesin ölümündən danışır. Siz Markeslə bağlı nə deyərdiniz? O, dünya miqyasında qəbul edilmiş bir yazıçıdır. Sizcə, dünyanın hər yerində oxunmaq üçün yazıçı hansı mövzulardan yazmalıdır?
– Məndə bir test üsulu var – hər hansı bir mövzu, yaxud insan surəti bədii mətnə, süjetə ziddirsə, demək həqiqi deyil, natamamdır. Bədii mətnə daxil olan nə varsa, inanın, tam həqiqətdir. Kamildir. Bütövdür. Markes bax, bu sehrə tam yiyələnmiş bir qələm sahibi idi. Allah ona rəhmət etsin.
– Bundan öncə çıxmış kitablardan bu yeni romanınız nəylə fərqlənir. Yəni, təbii ki, süjeti demirəm, mövzu və üslub baxımından fərqlər varmı?
– Bu sualın cavabını mən deyil, oxucularım verməlidir. Məsəl üçün, romanın bir başqa paralel süjet xəttində baş qəhrəman – yəni mən, Qabriel adlanan oxşarımla eyni yuxular görürəm. Qeyd edim ki, mistik dünyaya girməyin əsas şərtlərindən biri, iki fərqli insanın eyni yuxular görməsidir. Şəms Təbrizi ilə Cəlaləddin Rumi eyni yuxular görürmüş. Halbuki, indiyədək kimsə Şəms Təbrizi ilə Ruminin dostluğuna bu gözlə baxmayıb. Romanımda dolayı yolla həm də bax, bu sirr açılır. Ədəbiyyatda bu mövzu yenidir. Hə, bax, burda süjet tam orijinaldır.
– Mövzu seçərkən, kobud desək, oxucu bazarını nəzərə alırsınızmı? Mövzularınız sosial sifarişdən nə dərəcədə təsirlənir?
– Romandakı “Fövqəlinsan, kamil insan” mövzusu, məncə, lap vaxtında səslənib. Həm bizim, həm dünya oxucusunun buna olan böyük marağını indi kimsə inkar edə bilməz. Əsərdəki solaxaylar nə qədər orijinal və bənzərsiz olsalar belə, hələ kamil deyillər. Kamillik o zaman baş verir ki, insan beynin hər iki yarımkürəsini, sağ və sol cinahını vəhdətə gətirib, bunun bütün imkanlarından faydalana bilir. Belələrinə elmdə ambidekstr deyirlər, başqa sözlə desək, iki tərəfli fövqəl insan.
– Dünya ədəbiyyatındakı hazırkı tendensiyalar barədə nə deyərdiniz?
– Dünya ədəbiyyatı həmişə orijinal süjetlərə, mövzulara meylli olub. Bu mənada mən, müasir ədəbi tendensiyalarla ayaqlaşmağa çalışmışam. “Solaxay”, məncə, bu tələblərə cavab verir.
– Müsahibə üçün çox sağ olun. Yeni romanınıza bol oxucu, özünüzə isə yeni yaradıcılıq uğurları arzu edirik.
– Bilirsiniz də, bir var sağ tərəfli yol hərəkəti, bir də var sol hərəkət trayektoriyası. Məsəl üçün, Britaniyada sükan sağ tərəfdədir. Bu fərqlər boş yerə yaranmayıb. Romanımı oxusanız, bu sualların cavabını orda taparsınız(musavat.com).