“Gömrük sferasında qarşılıqlı əməkdaşlıq yüksək səviyyədədir”
Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev İranın Ənzəli Azad Ticarət və Sənaye Zonası Təşkilatının İdarə Heyətinin sədri və icraçı direktoru Rza Məsrurun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Yenicag.az apa-ya istinadən bildirir ki, A. Əliyev iki qonşu ölkənin istər siyasi-iqtisadi, istərsə də mədəni sahələrdə əlaqələrindən məmnunluqla söhbət açıb, əməkdaşlığın bundan sonra da davamlı olacağına əminliyini ifadə edib.
Ölkələr arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini söyləyən A. Əliyev bildirib ki, bütün sahələrdə, o cümlədən, gömrük sferasında qarşılıqlı əməkdaşlıq yüksək səviyyədədir. Bir neçə ay bundan öncə İran iqtisadiyyat və maliyyə işləri nazirinin müavini, Gömrük İdarəsinin prezidenti Masoud Karbasianın Azərbaycana səfərini məmnunluqla xatırlayan komitə sədri, bu kimi səfərlərin qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi və davamlı inkişafına töhfə verdiyini bildirib. İstər gömrük xidməti rəhbərləri səviyyəsində, istərsə də sərhəd-gömrük buraxılış məntəqələrində mütəmadi xarakter alan bu kimi görüşlərin ölkələrimizin gömrük sahəsi üzrə mövcud əməkdaşlığının davamlı inkişafına müsbət təsirindən danışan A. Əliyev qarşılıqlı birgə fəaliyyətin bundan sonra da intensivləşdirilməsinin vacibliyini diqqətə çatdırıb.
R. Məsrur İran hökumətinin regionun ən inkişaf etmiş dövləti olan Azərbaycanla münasibətləri genişləndirməkdə maraqlı olduğunu bildirib, bütün sahələrdə, o cümlədən, gömrük xidməti sahəsində qarşılıqlı əməkdaşlıqdan razılığını ifadə edib, eləcə də Ənzəli Azad Ticarət Zonasında artıq bir neçə Azərbaycan şirkətinin səmərəli fəaliyyət göstərdiyini məmnunluqla diqqətə çatdırıb, bu şirkətlərin gələcəkdə sayının daha da artacağına ümidvar olduğunu bildirib.
Görüşdə, həmçinin Azərbaycan-İran əlaqələrinin hazırkı durumu, mövcud imkanlar və gələcək perspektivlər barəsində ətraflı fikir mübadiləsi aparılıb.