“Bələdiyyə seçkiləri ciddi siyasi partiyaların, cəmiyyətdə nüfuz sahibi olan insanların qətiyyən maraq dairəsində deyil”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında artıq ilkin mərhələsi yekunlaşmaqda olan bələdiyyə seçkilərində iştirak fəallığını dəyərləndirən AĞ Partiyanın sədri Tural Abbaslı deyib.
Tural Abbaslının sözlərinə görə, ciddi siyasi partiyaların əksəriyyəti bu seçkilərdə iştirak etmir:
“Əslində, siyasi partiyalar bələdiyyə seçkilərini heç boykot da etmirlər. Görün, bələdiyyə seçkilərinə necə qeyri-ciddi yanaşma var ki, partiyalar qatılıb-qatılmamaqları barədə bəyanat verməyə də ehtiyac duymurlar.
Cəmiyyətin də bu seçkilərə marağı yoxdur. Sorğu keçirilsə, insanların çoxunun bu seçkilərdən xəbərsiz olduğunu görərik”.
Gənclərin bələdiyyə seçkilərində namizdəliklərini irəli sürmələrinə gəldikdə isə AĞ Partiya sədri bunları deyib:
“Özünü sınamaq istəyən, seçkilərdə indiyə qədər heç vaxt iştirak etməyən bəzi həvəskar gənclər öz namizdəliklərini veriblər.
Bələdiyyə seçkilərində qeyd alınmaq prosedurları asandır. Tələb olunan imza sayı minimum 50, maksimum 200-dür. Bunu da toplamaq çətin iş deyil.
Ona görə də, bəzi gənclər bu seçkiyə qatılır, gücünü sınamaq istəyir. Onlara uğur arzulayıram.
Ancaq o gənclər bələdiyyə üzvü seçilsələr belə, nəyisə həll edəcəkləri mümkünsüzdür.
Çünki bələdiyyələr kollegial orqandır, 9-17 üzvü olur. Bir səs orada heç nəyi həl etmir. Tövsiyə edirəm ki, gənc namizədlər seçicilərə ağır vədlər verməsinlər”.
Səxavət Məmməd
www.yenicag.az