Göyçay rayonunda 9 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
Yenicag.az APA-ya istinadla xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçayın Bığır kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Göyçay sakininə məxsus “Mersedes” və Şamaxı sakininə məxsus “VAZ 2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində 7-si bir ailədən olmaqla 9 nəfər xəsarət alıb.
Yaralılar dərhal təcili yardım avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəsarət alan 9 nəfərin adları da məlumdu. Avtomobillərinin toqquşması nəticəsində “Jiquli”də olan 7 nəfər – Qobustan rayonu Poladlı kənd sakinləri, 1976-cı il təvəllüdlü Quliyev Feyzi Rəcəb oğlu, 1970-ci il təvəllüdlü Quliyev Cümşüd Rəcəb oğlu, 2013-cü il təvəllüdlü Quliyeva Səbinə Feyzi qızı, 1997-ci il təvəllüdlü Quliyeva Şəhanə Feyzi qızı, 1980-ci il təvəllüdlü Quliyeva Şəhla Hacıbala qızı, 2002-ci il təvəllüdlü Quliyev Fərasət Feyzi oğlu, 1970-ci il təvəllüdlü Quliyeva Şəhla Xası qızı ağır bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
“Mercedes”in sürücüsü, Bakı sakini Cavidan Ağazadə, sərnişini Göyçay sakini Natiq Məmmədov yüngül xəsarətlər aldığı üçün ona tibbi yardım göstərilərək evə buraxılıb. Sürücü Feyzi Quliyev vəziyyəti daha ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib. Yaralı Şəhla Quliyevanın hamilə olduğu bildirilir. Hazırda yaralıların vəziyyəti ağır olaraq qalır.
Qeyd edək ki, “Mercedes” markalı avtomobilin sərnişini Natiq Məmmədov Bakıdan Göyçaya, qardaşı Nicat Məmmədovun toy mərasiminə gedirmiş.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
www.yenicag.az