Gözlərə işıq, qəlblərə mərhəmət bəxş edən bir ana: Zərifə Əliyeva barədə uşaqlıq xatirələrim

media-hightechnic-468x90

Bu gün Azərbaycan tibb elminin parlaq simalarından biri, görmə qabiliyyətini itirmək təhlükəsi ilə üz-üzə qalan minlərlə insana yenidən işıq bəxş edən dəyərli alim, akademik, professor Zərifə xanım Əliyevanın dünyadan ayrılışının 41-ci ildönümüdür.

media-banner_tuq

Zaman keçir, illər bir-birini əvəz edir, amma bəzi adlar var ki, tarixdə sadəcə yazılmır, insanların yaddaşında, ailə xatirələrində, dualarında yaşayır.

Zərifə xanım haqqında çox yazılıb, çox danışılıb. Onu “Ulu öndərin zərif sevgisi”, Azərbaycanın zəfərinə imza atan cənab Prezidentin anası kimi də tanıyırıq. Amma bəzən böyük insanların böyüklüyü yalnız dövlət tarixində deyil, adi insanların həyatında qoyduğu izlərlə ölçülür. Mənim yaddaşımda isə Zərifə xanım hər şeydən əvvəl bir alim, bir həkim, bir insan kimi yaşayır – babamın gözlərini dünyaya qaytaran bir xilaskar kimi.

Babamın gözləri onun tərəfindən əməliyyat olunmuşdu. Bu mənim dünyaya gəlməyimdən xeyli əvvəl baş vermişdi. Amma uşaqlıqdan evimizdə bir ad həmişə xüsusi hörmətlə çəkilirdi – Zərifə xanım. Babam sərt xarakterli insan idi. Həyatın ağır sınaqlarından keçmiş, ailəsi repressiya ilə üz-üzə qalmış, çox sirri içində saxlayan bir adam idi. O, nadir hallarda kimisə tərifləyərdi. Lakin Zərifə xanım haqqında danışanda sanki başqalaşırdı. Onun zəhmətkeşliyindən, sadəliyindən, xəstələrinə göstərdiyi qayğıdan o qədər ürək dolusu söz açardı ki, uşaq ağlımla belə hiss edirdim – bu qadın sadəcə həkim olmayıb, insanların həyatına toxunan bir mələk olub.

Uşaqlıq xatirələrimdə Zərifə xanımın adı həmişə minnətdarlıqla səslənirdi. Babam deyirdi ki, onun gözlərində də, əllərində də təkcə peşəkarlıq yox, mərhəmət var idi. Bəlkə, elə buna görədir ki, illər keçsə də, Zərifə xanımın şəklinə baxanda insan onun üzündəki o sakit, şəfqətli ifadəni dərhal hiss edir. Sanki o baxışlarda bir ana qayğısı, bir həkim məsuliyyəti və bir alim müdrikliyi birləşib.

Bu gün onun nəvələri – Arzu xanım və Leyla xanım cəmiyyətdə insanlara uzanan mərhəmət əlini davam etdirirlər. Sosial layihələr, xeyriyyə təşəbbüsləri, kimsəsizlərə və ehtiyacı olanlara göstərilən diqqət, əslində, bir ailə mirasının yaşadığını göstərir. Bu, sadəcə ənənə deyil, bir ruhun davamıdır. Bir zamanlar xəstələrinin gözlərinə işıq gətirən bir ananın mərhəmətinin zamanla cəmiyyətə yayılan işığıdır.

Bəzən tarix böyük hadisələrlə yazılır, bəzən isə bir insanın kiminsə gözlərini yenidən açması ilə. Mənim üçün Zərifə xanım məhz belə bir tarixdir – babamın qaranlıqdan işığa çıxan yolunun müəllifi.

İllər keçəcək, nəsillər dəyişəcək. Amma insanların yaddaşında bir ad zamanın tozuna qarışmayacaq, əksinə, hər yeni səhərdə yenidən doğan işıq kimi yaşayacaq. Çünki bəzi insanlar sadəcə ömür sürmür, başqalarının həyatına nur qoyur, qəlbinə ümid səpir, taleyinə işıq yazır.

O ad isə həmişə sevgi ilə çəkiləcək:
gözlərə işıq, qəlblərə şəfqət, insan talelərinə ümid bəxş edən Zərifə xanım…

Sanki bir ana əlinin sığalı kimi,
sakit, zərif və unudulmaz.

Aqil Ələsgər

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05